Bakı. Trend:
ABŞ-nin Ermənistandakı səfiri Linn Treysi erməni mətbuatına müsahibəsində reallıqdan uzaq və sərsəm fikir söyləyib. Səfir iddia edib ki, guya ABŞ Qarabağda yaşayan əhalinin öz gələcəyini müəyyənetmə hüququnu tanıyır. Görünür, ABŞ səfiri hələ də regionda baş verən proseslərdən xəbərsizdir və ya bilərəkdən bu cür ziddiyətli bəyanat verib.
Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, ümumiyyətlə, ABŞ-ın Ermənistandakı səfirinin belə bir fikirlə bəyanat səsləndirməsi anlaşılan deyil və Azərbaycan-Amerika münasibətlərinə töhfə vermir.
“Azərbaycan dəfələrlə bu barədə öz bəyanatlarını verib. Azərbaycanın yanaşması ondan ibarət olub ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycan əraziləridir və orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. O baxımdan, belə bir bəyanatın səsləndirilməsinin heç bir əsası yoxdur və bu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına ancaq və ancaq mənfi təsir göstərir.
Bilirsiniz ki, bu gün Avropa İttifaqının bilavasitə vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində işlər gedir, görüşlər keçirilir və Ermənistan da Azərbaycanın yaratdığı yeni reallıqla barışıb. Ancaq belə bəyanatlar verməklə və fikirlər irəli sürməklə səfir bu prosesə töhfə vermir. Ona görə də biz dəfələrlə demişik ki, bu ərazilər beynəlxalq hüquqa əsasən bizim ərazilərdir. Burada hansısa xalqların öz müqaddaratını təyin etməsindən söhbət gedə bilməz.
Ona görə də bu bəyanatı səslədirmək, qeyd etdiyimiz kimi, heç bir hüquqa əsaslanmır. Buna görə də beynəlxalq qurumlar da, xarici dövlətlər də Azərbaycanın mövqeyini nəzərə almalıdırlar. Münaqişənin hərbi yolla həlli dedikdə səfir nəyi nəzərdə tutur və nə demək istəyir? Bu, tamamilə fərqli bir məsələdir. Qeyd etdiyimiz kimi, bu ərazilər Azərbaycan əraziləridir, buradakı ermənilər də bizim vətəndaşlardır. Ona görə hesab edirəm ki, bu kimi açıqlamalar verəndə beynəlxalq qurumlar, ayrı-ayrı ölkələrin səfirləri, rəhbər şəxsləri diqqətli olmalıdırlar ki, belə anlaşılmazlıq yaratmasın”, - deyə C.Məmmədov bildirib.
Siyasi şərhçi Elçin Mirzəbəyli isə Trend-ə açıqlamasında deyib ki, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin “öz müqəddəratını təyinetmə hüququ” haqqında iddiaları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bütövlüyünün və suveren hüquqlarının şübhə altına alınması istiqamətində edilən növbəti uğursuz cəhd və separatizmi, terrorizmi, müharibəni təşviq edən yanaşmadır.
“Təkcə Los-Ancelesin Qlendəyl şəhərində yaşayan ermənilərin sayı Azərbaycanda, hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan ərazilərimizdə yaşayan etnik ermənilərdən çoxdur və ermənilər bu şəhəri “Kiçik Ermənistan” adlandırırlar. Əgər ermənilərin ikinci dəfə öz müqəddəratlarını təyin etmələrini istəyirlərsə, buyursunlar, Qlendəyli, yaxud lap elə Los-Ancelesi ermənilərə versinlər. Başqalarının torpağı üzərindən cəfəng iddialar irəli sürmək çox asandır”, - deyə E.Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, Linn Treysi və onun kimi düşünənlər unutmalı deyillər ki, onların beynəlxalq hüququn norma və prinsiplərinə zidd açıqlamaları Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi üzərinə götürdüyü öhdəliklərə zidd olmaqla yanaşı, ABŞ-ın maraqlarına da ciddi zərbə vurur və Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində hər hansı bir formada yer almasını istisna edir.
“Linn Treysi unutmalı deyil ki, onun necə və hansı maraqlardan çıxış edərək təşviqat aparmasından asılı olmayaraq, Helsinki Yekun Aktı vahid sənəddir və heç bir halda “xalqların öz müqəddəratını təyinetmə hüququ” digər prinsiplərdən, o cümlədən, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığından üstün tutula bilməz. ABŞ-ın Ermənistandakı səfiri unutmamalıdır ki, Azərbaycan öz gücü ilə BMT Təhlükəsizlik Şurasının onun təmsil etdiyi dövlətin də səs verdiyi qətnamələrinin yerinə yetirilməsinə nail olub. Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyub və Azərbaycan xalqının iradəsinə zidd olan hər hansı bir mülahizə ölkəmiz üçün qəbul edilə bilməz”, - deyə E.Mirzəbəyli qeyd edib.
O vurğulayıb ki, Linn Treysinin bu açıqlamasının Türkiyənin NATO-nun genişləndirilməsi, İsveçrə və Finlandiyanın Şimali Avratlantika Təşkilatına üzv qəbul edilməsi müstəvisində öz milli maraqlarından çıxış edərək sərgilədiyi mövqe ilə üst-üstə düşməsi təsadüfə oxşamır və bir daha Ermənistanın, eləcə də ermənilərin xarici güclərin əlində ucuz istifadə vasitəsi olduğunu sübuta yetirir.
“Əks təqdirdə, ABŞ-ın Ermənistandakı səfiri sülh prosesinə maneə yaratmaq məqsədi daşıyan qıcıqlandırıcı fikirlər səsləndirməz, əsassız iddia və mülahizələrlə çıxış etməzdi”, - deyə o əlavə edib.