Bakı. Trend:
Vətən müharibəsi dövründə Ermənistandan Azərbaycana qarşı kiber məkanda genişmiqyaslı təhdidlərin qarşısı uğurla alınıb.
Trend xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev "Azərbaycan" qəzetində yayımlanan məqaləsində qeyd edib.
“Müzəffər Ali Baş Komandanımızın qətiyyətli idarəçiliyi altında Dövlət Təhlükəsizliyi Xidməti düşmənin ölkəmizin ərazisində törətmək istədiyi terror-təxribat planlarının və niyyətlərinin qarşısının alınması istiqamətində bütün qüvvə və vasitələrini səfərbərliyə almaqla ordumuzun qalibiyyəti üçün həvalə olunmuş səlahiyyətlər çərçivəsində hərtərəfli dəstək göstərib, Ali Baş Komandanın bütün göstəriş və tapşırıqlarını peşəkarlıqla yerinə yetirib”, -Ə.Nağıyev vurğulayıb.
Onun sözlərinə görə, Vətən müharibəsi dövründə Ermənistandan Azərbaycana qarşı kiber məkanda və informasiya təhlükəsizliyi sahəsində də genişmiqyaslı təhdidlər olub və dezinformasiya fəaliyyəti aparılıb, belə cəhdlərin də qarşısı uğurla alınaraq, düşmənə qarşı əks həmlələr müvəffəqiyyətlə həyata keçirilib:
“Vaxtında əldə olunmuş kəşfiyyat məlumatları düşmənin əks-hücumlarının qarşısının alınmasında, Silahlı Qüvvələrimiz tərəfindən uğurlu hərbi əməliyyatların keçirilməsi və ayrı-ayrı yaşayış məntəqələrimizin az itki ilə düşməndən azad edilməsində həlledici rol oynayıb”.