Bakı. Trend:
Azərbaycan hər zaman islam həmrəyliyinin möhkəmlənməsinə böyük önəm verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi dünyaya, xüsusilə müsəlman dünyasına birlik çağırışıdır. 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ölkəmizin İslam həmrəyliyinə verdiyi önəmin bariz göstəricisidir. Müsəlman aləminin ayrılmaz hissəsi olan respublikamız bütün ölkələrlə, o cümlədən İslam dövlətləri ilə əlaqələrini dostluq və qardaşlıq əsasında qurur. Azərbaycan bəzi digər dövlətlərdən fərqli olaraq, islam həmrəyliyi prinsipinə sözdə yox, işdə əməl edir. Azərbaycanın Fələstində diplomatik nümayəndəlik açması da bunun bariz nümunəsidir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycan həm İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində həm də fərdi qaydada ərəb ölkələri ilə sıx əməkdaşlıq edir.
“Azərbaycan bu həmrəyliyi bəzi müsəlman ölkələri kimi təkcə sözdə deyil, əməldə də sübut edib. Bəzi ölkələr müsəlman ölkələri ilə deyil, qeyri-müsəlman ölkələri ilə hansısa müsəlman ölkəsinin əleyhinə əməkdaşlıq edirlər. İranın nümunəsində bu, açıq görsənir. Müsəlman ölkəsi heç zaman məscidləri dağıdan, orada donuz və inək saxlayan ölkə ilə sıx dostluq əlaqəsi qurmaz, qucaqlaşıb öpüşməz. Bunun adı riyakarlıqdır. Azərbaycan isə öz qardaşları ilə münasibətlərdə səmimi və diqqətlidir. Hər zaman onlara diqqətlə və həssaslıqla yanaşır. Buna görə Azərbaycan müsəlman dünyasının böyük sevgisini və məhəbbətini qazanıb. Buna görə bu gün ölkəmizə yüksək diqqət və etimad var”, - deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycan hər zaman islam həmrəyliyinə mühüm töhfələr verib.
“2017-ci il ölkəmizdə "İslam həmrəyliyi ili" elan olunub, həmin il ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirilib. Azərbaycan davamlı olaraq Fələstinə yardımlar edib. Uzun illərdir Fələstin səfirliyi Azərbaycanda Azərbaycan dövlətinin vəsaiti hesabına fəaliyyət göstərir. Bu baxımdan, Prezident İlham Əliyevin Əlcəzairə səfəri, Ərəb ölkələri liqasında iştirakı xüsusi əhəmiyyət daşıyır. Bu, həm də ölkəmizə verilən dəyərin, göstərilən diqqətin təzahürüdür. Prezident İlham Əliyev burada da müsəlman ölkələri ilə həmrəylik nümayiş etdirərək Fransanın cinayətlərini qəti surətdə pislədi. Bu gün Prezident İlham Əliyev həyata keçiridiyi prinsipial və qətiyyətli siyasət nəticəsində müsəlman dünyasının əsas liderlərindən birinə çevrilib. Azərbaycan bütün bu uğurlara 30 ildə nail olub”, - deyə deputat əlavə edib.
Azərbaycan tək müasir dövrümüzdə deyil, asrlər boyunca İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi müsəlman intibahında mühüm rol oynamış bir ölkədir. Azərbaycan bu gün də İslam dünyasının önündə gedən ölkələrdən biridir və islam həmrəyliyin möhkəmləndirilməsi istiqamətində əlindən gələn bünün töhfələri verir. Azərbaycan müsəlman ölkələri arasında vəhdət, İslam həmrəyliyi proseslərində öndə getmək iqtidarı nümayiş etdirir. Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində nümunəvi tədbirləri ilə seçilir. Ökənin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də bu qəbildən olan mühüm tədbirlərdən idi. Azərbaycan bundan sonra da bu istiqamətdə öz səylərini göstərmək niyyətindədir və ölkənin Fələstində diplomatik nümayəndəlik açması da bunun bir təsdiqidir.