Bakı. Trend:
Dekabrın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazi ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə pakistanlı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları
ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Xalqlarımız arasında
ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu,
Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının
yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Pakistan İslam Respublikasının müdafiə nazirinin salamlarını
çatdıran admiral M.A.X.Niazi ölkələrimiz arasında münasibətlərin
möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin
vacibliyini qeyd edib.
Görüşdə Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli,
eləcə də üçtərəfli birgə hərbi əməkdaşlığın inkişaf etdirilməsinin
vacibliyi xüsusi vurğulanıb.
Sonda ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil
sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı
maraq doğuran digər məsələlər müzakirə olunub.