Bakı. trend:
Monteneqro Respublikasının Prezidenti Milo Cukanoviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovu qəbul edib.
Mərkəzdən Trend-ə bildirilib ki, qəbul zamanı Prezident M.Cukanoviçə mərkəzin 2022-ci il ərzindəki fəaliyyəti, həyata keçirdiyi təşəbbüslər haqqında ətraflı məlumat verilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı təşəbbüslərin dünyada sülhün, təhlükəsizliyin təmin olunması, müxtəlif regionlarda davam edən münaqişələrin həlli yolları ilə bağlı irəli sürülən ideya və təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Prezident M.Cukanoviç 10 il ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qlobal məsələlərin müzakirə edildiyi və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrildiyini deyib və Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə illik keçirilən Qlobal Bakı Forumunun beynəlxalq aparıcı forumlar sırasında yüksək yer tutduğunu qeyd edib.
Monteneqro Prezidentinə X Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər barədə də məlumat verilib. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nizami Gəncəvinin 880 illiyi çərçivəsində nəşr etdiyi "Qələmin Sehri Nizami Gəncəvinin Xəmsəsindən Seçilmiş miniatürlər" kitabı və Mərkəzin X illiyinə həsr olunmuş xatirə hədiyyəsi təqdim edilib.