...

Qərbi azərbaycanlılar təhlükəsiz şəkildə öz yurdlarına qayıtmalıdır - Vüqar İskəndərov

Siyasət Materials 3 Fevral 2023 14:17 (UTC +04:00)
Qərbi azərbaycanlılar təhlükəsiz şəkildə öz yurdlarına qayıtmalıdır - Vüqar İskəndərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan postmüharibə dövründə də inamlı addımlar atmaqdadır. Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması üçün atılan mühüm addımlar da deyilənlərin bariz nümunəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, ötən il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşündə bu məsələnin üzərində xüsusi olaraq dayandı.

“Həmin çıxışında dövlətimizin başçısı xalqımızın uzun illər üzləşdiyi faciələri xatırlatmaqla yanaşı, müasir şəraitdə qarşıda duran vəzifələrə də toxundu. Məhz bu baxımdan, qeyd edə bilərik ki, hazırda yaranmış yeni reallıqlar kontekstində xalqımızın qarşısında duran ən mühüm strateji vəzifələrdən biri tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaqdır. Bundan sonra qısa zaman ərzində görülən iş isə təqdirəlayiqdir. Məlum olduğu kimi, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yanvarın 26-da keçirilmiş iclasında Qayıdış Konsepsiyasının layihəsinə baxılıb. Sənəd layihəsi səsə qoyularaq təsdiqlənib. Sonra Konsepsiya İcmanın əsas orqanlarının genişləndirilmiş birgə iclasına təqdim olunub. Qeyd edim ki, Qayıdış Konsepsiyasının əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdir. Yəni Konsepsiya Qərbi Azərbaycan İcmasının bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir”, - deyə V.İskəndərov bildirib.

Deputat deyib ki, konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir.

“Vurğulandığı kimi, konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Onu da bildirim ki, sənəddə bir sıra əsas məqamlar öz əksini tapıb. Mən onların hər biri üzərində geniş dayanmaq istəmirəm. Sadəcə, vurğulayım ki, sənəddə də qeyd edildiyi kimi, indiki Ermənistandan qovulmuş bütün azərbaycanlıların və onların törəmələrinin öz yurdlarına qayıtmaq hüququ var. Bu hüququn ləyaqətli və təhlükəsiz şəkildə reallaşmasına şərait yaradılmalı, insanlar ora qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin olunmalıdır. Qayıdış prosesi müvafiq zəmanətləri və verifikasiya mexanizmləri olan beynəlxalq hüquqi təminat çərçivəsində baş verməlidir. Həmçinin, qayıdacaq insanların təhlükəsizliyini təmin etmək üçün qayıdış olacaq ərazilərə müvafiq mandatla beynəlxalq sülh missiyası yeridilməlidir. Həmin missiya İcmanın etibar etdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır. Qayıdış prosesində qovulmadan əvvəlki məskunlaşma coğrafiyası bərpa edilməlidir. Geri qayıdanları pərakəndə səpələmək insan hüquqlarına zidd cəhd kimi rədd ediləcək. Ermənistan qayıdacaq azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təminatı üzrə beynəlxalq nəzarət və monitorinq mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlamalıdır və s.

Bir sözlə, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, azərbaycanlıların öz tarixi vətənlərinə, evlərinə qayıdışı dünyadakı təməl insan hüquqlarından biridir. Yəni, beynəlxalq hüquq bizim tərəfimizdədir. Ermənistan dövləti bir an öncə İnsan Hüquqlarının Ümumdünya Bəyannaməsində, Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış “geri qayıtma hüququ”nu tanımalıdır”, - deyə V.İskəndərov sonda əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti