...

Ermənilərin 100 ildən artıq davam edən soyqırım siyasəti

Siyasət Materials 31 Mart 2023 08:00 (UTC +04:00)
Ermənilərin 100 ildən artıq davam edən soyqırım siyasəti
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

20-ci əsrin əvvələrindən ermənilər azərbaycanlılara qarşı sistemli soyqırımı siyasətinə başlayıb.

Onlar ən genişmiqyaslı soyqırımılarından birini 1918-ci ilin 31 mart tarixində törədiblər.

Azərbaycanlılara qarşı törədilən soyqırımı aktları və müharibə cinayətlər

31 Mart soyqırımı Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, həmçinin Cənubi Azərbaycanın müxtəlif şəhərlərində həyata keçirilib.

Əsas hədəfləri isə şəhərlərdəki azərbaycanlıların sayını minimum endirmək və ya onları doğma yurdlarından didərgin salmaq, daha sonra həm Bakı neftini, həm də digər təbii sərvətlərimizi ələ keçirmək, ümumilikdə Azərbaycanın müstəqilliyinin qarşısını almaq idi.

Ermənilər Cənubi Azərbaycanın Urmiya, Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də minlərlə azərbaycanlının həyatına son qoymuşdular, yüzlərlə yaşayış məntəqəsini dağıtmışdılar.

Onlara bu prosesdə bölgədəki siyasi proseslərdə maraqlı olan xarici qüvvələr ciddi dəstək göstərirdi. Amma Osmanlı ordusu Cənubi Azərbaycana daxil olduqdan sonra ermənilər geri çəkilməyə məcbur olmuşdular.

Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra ermənilər koministlərlə birləşərək, xalqımıza qarşı qərəzli siyasətini davam etdirdilər.

Sovet İttifaqının Azərbaycan ziyalılarına qarşı həyata keçirdiyi represiya siyasətinə ermənilər böyük dəstək verib.

Ermənilər SSRİ-nin dağılması prosesindən də Azərbaycan xalqına qarşı istifadə ediblər.

1980-ci illərin sonlarında mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində Sovet İttifaqı rəhbərliyi Respublikalardakı proseslərə nəzarət imkanını itirmişdi.

Bundan istifadə edən ermənilər azərbaycanlılara qarşı ərazi iddialarına start verdilər.

Ermənilər 1987-ci il iyun-iyul aylarından keçmiş Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan ayrılması istiqamətində təbliğat aparırdılar. Yerli əhalinin iradəsini qıra bilməyən separatçı ermənilər onlara qarşı soyqırımı siyasətinə əl atdılar.

Bu prosesdə onlara İttifaqın daxilindəki ermənipərəst qüvvələr həm maddi, həm siyasi, hərbi dəstək verirdilər.

Onlar əvvəlcə Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali kütləvi qırğına məruz qoydular.

Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi.

Tarixi faktlar sübut edir ki, ermənilər 20 Yanvar faciəsində də birbaşa iştirak edib, azərbaycanlılara qarşı törədilən cinayətlərin əsas təşkilatçılarından olublar.

Bundan başqa, 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı törədildi. Soyqırımı nəticəsində 613 nəfər həyatını itirdi.

1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində kütləvi qırğınlar törədildi.

Ermənistan Qarabağı işğal altında saxladığı illər ərzində Azərbaycanın şəhərlərini, kəndlərini, əhalinin yaşaması üçün bütün infrastrukturunu dağıdıb. Ermənilər Qarabağın və Şərqi Zəngəzurun yaşayış məntəqələrini minalayıblar.

Ermənistan hakimiyyəti Vətən Müharibəsi zamanı Gəncə, Bərdə, Mingəçevir və digər şəhərlərimizdə yaşayan dinc sakinləri bombalamaqla terror siyasətini davam etdirdi.

Azərbaycanlılara qarşı həyata keçirilən deportasiya siyasəti

Ermənilər soyqırımı aktlarına paralel olaraq, azərbaycanlıların doğma torpaqlarından qovulması prosesini də həyata keçirirdilər.

Soyqırımı cinayətlərində olduğu kimi, deportasiya siyasətində də onların ən böyük dəstəkçiləri regionda maraqları olan dövlətlər idi.

Ermənilər azərbaycanlılara qarşı deportasiya siyasətlərini 3 mərhələdə həyata keçiriblər.

Birinci mərhələ 1905–1920-ci illəri əhatə edir. 1918–1920-ci illərdə on minlərlə azərbaycanlı Zəngəzurdan qovulub.

Deportasiya prosesinin ikinci mərhələsi isə Sovet İttifaqının rəhbəri İosif Stalin tərəfindən başladılıb. İkinci mərhələ 1948–1953-ci illəri əhatə edir.

Əsas məqsəd isə azərbaycanlıların çıxarıldığı ərazilərə ermənilərin yerləşdirilməsi idi.

Prosesin üçüncü mərhələsi isə yaxın tarixi - 1988–1992-ci illəri əhatə edir.

Ermənilər Qarabağda etnik münaqişəni alovlandırdıqdan sonra - 1988–1989-cu illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası prosesinə start verdilər. Proses vahid mərkəzdən idarə olunurdu. Azərbaycanlılar gah iş yerlərinə buraxılmırdı, gah uşaqlarına hədə-qorxu gəlinirdi, gah da onlara gündəlik ərzaq mallarının satılmasından imtina edilirdi. Bir müddət sonra ermənilər daha da irəli gedərək, azərbaycanlıların yaşadıqları evlərə basqınlar edir, onlardan mənzillərini tərk etmələrini tələb edirdilər. Son mərhələdə isə ermənilər azərbaycanlılara qarşı silahlı hücumlar təşkil edib, onları evlərindən çıxardılar. Azərbaycanlılar isə sistemli silahlı hücumlar qarşısında tab gətirə bilmədikləri üçün doğma yurdlarını tərk etməli oldu. 1988-ci ildə Qərbi Azərbaycan ərazisində azərbaycanlılara məxsus 261 kənd və qəsəbə boşaldıldı. 1989-cu ildə isə proses daha kütləvi hal aldı və həmyerlilərimizin Qərbi Azərbaycandan çıxması prosesi sürətləndi. Bununla da, 1988-1989-cu illər Qərbi azərbaycanlıların kütləvi deportasiyası kimi tarixə düşdü. Xüsusilə qeyd etmək lazımdır ki, 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi əvvəlki deportasiyalara rəğmən, hələ də respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi. Deportasiya nəticəsində 250 min azərbaycanlı qaçqın düşüb.

Bundan başqa, ermənilərin Qarabağı işğal etməsi nəticəsində 1 milyona yaxın insan doğma torpaqlarından didərgin düşmüşdü.

Bir əsr sonra alınan qisas...

Göründüyü kimi, ötən 100 il ərzində ermənilər azərbaycanlılara qarşı sistemli soyıqırımı, deportasiya və işğalçılıq siyasəti həyata keçiriblər.

Ermənilərin həm soyqırımı, həm də deportasiya siyasətinin qisası Vətən Müharibəsi nəticəsində alındı. Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın işğal atında qalan Qarabağ torpaqlarını azad etdi.

Müharibə nəticəsində Ermənistandakı hərbi-siyasi rejimin yaratdığı “məğlubedilməz ordu” mifi məhv edildi. Azərbaycan Ordusu yüksək döyüş peşəkarlığı və insanpərvərlik göstərərək, silahlısız ermənilərə güllə atmadı, qələbəni döyüş meydanında təmin etdi.

Hazırda Azərbaycan “Böyük Qayıdış” proqramı çərçivəsində ermənilərin Qarabağdan qovduğu yerli əhalini doğma torpaqlarına qaytarmaqla bağlı sistemli yenidənqurma işi aparır. Artıq Azərbaycan Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərinə köçə start verilib.

Bundan başqa, hazırda Qərbi Azərbaycandan sistemli şəkildə deportasiya edilən insanların öz doğma yurduna geri qaytarılması üçün genişmiqyalı iş aparılır. Artıq rəsmi Bakı bütün beynəlxalq platformalarda Qərbi azərbaycanlıların İrəvana, Zəngəzura, Göyçəyə və digər ərazilərə qaytarılması məsələsini gündəmə gətirib.

Proseslər göstərir ki, hərbi-siyasi iradə göstərməklə Qarabağın azadlığına nail olan, soyqırımı cinayətlərinin qısasını alan Azərbaycan xalqı Qərbi azərbaycanlıların da doğma yurdlarına qaytarılmasına nail olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti