...

Laçının işğalı AXC-Müsavat mənfur cütlüyünün növbəti çirkin xəyanəti idi - Vüqar Rəhimzadə

Siyasət Materials 31 Mart 2023 16:00 (UTC +04:00)
Laçının işğalı AXC-Müsavat mənfur cütlüyünün növbəti çirkin xəyanəti idi - Vüqar Rəhimzadə

Bakı. Trend:

Artıq iki ildən çoxdur ki, tarixi Zəfərimizin sevincini yaşayırıq. Hər bir uğur onun hansı səylərin, qətiyyətin sayəsində əldə olunmasını təhlil etməyi bir tələb kimi qarşıya qoyur. Bu günlərdə dövlət başçısı İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bir daha diqqəti müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə mövcud olan hərbi-siyasi vəziyyətə yönəltdi. Bu həqiqəti xüsusi vurğuladı ki, Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonunun düşmən tərəfindən zəbt edilməsi AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. Həmin dövrdə bədnam AXC-Müsavat cütlüyü istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı. AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində torpaqların Ermənistan tərəfindən zəbt olunması onların bu çirkin niyyətlərinə çatmaları üçün bir fürsət idi. Bu vətən xainləri hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Çox təəssüf ki, belə də oldu. Şuşanın, onun ardınca Laçının işğal altına düşməsi Azərbaycanda ciddi siyasi böhrana səbəb oldu. AXC-Müsavat xəyanətkar cütlüyü fürsətdən istifadə edərək Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi və bu, daha böyük faciələrə yol açdı. Heç bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. Beləliklə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bu, Azərbaycanın Birinci Qarabağ müharibəsində məğlubiyyətini şərtləndirən əsas amil oldu.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə bildirib ki, çoxəsrlik tariximizin hər bir səhifəsinin mütəmadi olaraq vərəqlənməsi gələcəyin düzgün müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Müstəqilliyimizin bərpasının ilk illərində hakimiyyətsizlik Azərbaycanın böyük faciələrlə üz-üzə qalmasında əsas amil idi. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürür, ictimai-siyasi durum günbəgün pisləşir, ən əsası silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi, hakimiyyətdə olan ünsürlərin kreslo davası ərazilərimizin işğalında mühüm rol oynayırdı. Bu faciələr tariximizin qara səhifəsi kimi daim vərəqlənir. Bu baxımdan ki, ölkədə siyasi dialoq mühitinin daha da təkmilləşdirildiyi, siyasi partiyalar arasında əlaqələrin qurulmasına çağırışların edildiyi, tarixi Zəfərimizin reallıqlarına uyğun qarşıya qoyulan vəzifələrin uğurla icra edilməsi üçün əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq vətəndaş birliyinin möhkəmləndirilməsinin tələb olunduğu hazırkı dövrdə məhz o illərdə iqtidarda olan ünsürlər xəyanətkar əməllərindən nəticə çıxarmaq əvəzinə, yenə də bütün təşəbbüslərdən kənarda qalaraq yalnız və yalnız Azərbaycanın imicinə xələl gətirmək üçün yollar axtarırlar. Bu ünsürlərdə cəsarət deyilən keyfiyyət olsaydı, özlərinin xəyanətkar əməllərini etiraf edib çoxdan siyasi meydandan uzaqlaşardılar.

Vüqar Rəhimzadə onu da bildirib ki, Azərbaycan dövləti bədnam AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründəki yarıtmaz siyasətinin hər bir uğursuzluğunu aradan qaldırmaq üçün illərdir səylər göstərir. Əgər 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq belə mümkün olmazdı. Dahi şəxsiyyət hakimiyyətə qayıdışı, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı bir dövlət kimi tarix səhnəsindən silinməkdən xilas etdi. Azərbaycanın inkişafı, dirçəlişi, torpaqlarımızın işğaldan azad edilməsini şərtləndirən amillərin təmin olunması üçün Ümummilli Liderin rəhbərliyi ilə ölkəmiz böyük bir inkişaf yolu keçdi. Azərbaycan yenidən quruldu, iqtisadi, siyasi mövqeyi möhkəmləndi, ordu quruculuğu sahəsində davamlı addımlar atıldı, informasiya cəbhəsində üstünlüyümüzün təmin olunması üçün ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Son 20 ildən artıq dövrün reallıqlarına nəzər salsaq, ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməzinə hazırlıq işlərinin, daha sonra isə Vətən müharibəsində qazandığımız Zəfərin reallıqları əsasında azad edilmiş ərzilərimizdə bərpa-quruculuq mərhələsinin uğurla davam etdiyini görərik.

Bütün bunları xalqımızın xoşbəxtliyi kimi səciyyələndirən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Vətən torpaqlarını Ermənistanın işğalından azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan Bayrağını yağı düşməndən təmizlənmiş ərazilərimizdə ucaldan cənab İlham Əliyev böyük fəxr və qürur hissi ilə ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa edildiyini bildirir. Ölkə Prezidenti hələ 2021-ci ilin yanvarında Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu çağırışı etmişdi ki, hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.

Vüqar Rəhimzadə bildirib ki, tarix heç zaman unudulmur. Əksinə keçmişə baxaraq, tariximizin səhifələrini vərəqləyərək ondan dərs almağa çalışmalıyıq. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə mövcud olan vəziyyət onun səbəbkarlarının yaddaşından “silinsə” də tarix hər zaman bu xatırlatmaları onlara çatdırmağa yardımçı olur. Vaxtilə şəxsi ambisiyaları, hakimiyyət hərislikləri ucbatından torpaqlarımızı satan qüvvələr xalqımıza Zəfəri yaşadan, qürurumuzu özümüzə qaytaran, üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanmasını təmin edən qalib ölkənin qalib Prezidenti İlham Əliyevə minnətdar olmalıdırlar. Bu gün işğaldan azad edilmiş ərazilərimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tərəqqi dövrünü yaşayır. Yeni idarəetmə üsulu tətbiq edilir. Dövlət başçısı İlham Əliyev Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsini qəbul edərkən belə bir əminliyi də ifadə etdi ki, yeni idarəetmə modeli təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti