...

Heydər Əliyevin rəhbərliyi dövründə dini-mənəvi dəyərlər xalqımızın həyatında layiqli yerini tutdu - Allahşükür Paşazadə

Siyasət Materials 18 Aprel 2023 17:15 (UTC +04:00)
Heydər Əliyevin rəhbərliyi dövründə dini-mənəvi dəyərlər xalqımızın həyatında layiqli yerini tutdu - Allahşükür Paşazadə
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyevin rəhbərliyi dövründə dini-mənəvi dəyərlər xalqımızın həyatında layiqi yerini tutdu, onun inkişafı üçün bütün imkanlar və münbit şərait yaradıldı.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsalmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfransda deyib.

O bildirib ki, ulu öndər müdrik dövlət başçısı kimi millətimizin yüksək amallar uğrunda sıx birləşməsində milli-mənəvi dəyərlərin önəmini gözəl bilirdi.

“Təzəpir məscidini ziyarət edərək dindarlar qarşısında çıxış edən Ulu Öndər “Allahın yolunda hamımız bir olaq” çağırışı ilə xalqı vəhdətə səslədi. Nisgilli tarixçəsi olan şəhid Bibiheybət məscidinin bərpası haqda sərəncam verməklə ulu öndər xalqın qəlbində repressiyaya uğramış bütün mənəvi dəyərlərimizin bərpa olunacağına ümid işığı yandırdı və bütün dindarların dərin rəğbətini qazandı.

Ulu Öndərin fəaliyyətində müstəqil Azərbaycanın bütün dünya ölkələri, o cümlədən, İslam dünyası ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi hər zaman mühüm səciyyə daşımışdır. Azərbaycan - Türkiyə dostluq, qardaşlıq münasibətlərinin bugünkü yüksək zirvəsi, iki dövlət liderinin dünya miqyasında bir-birinə arxa-dayaq olması «Bir millət-iki dövlət» təbirinin müəllifi Ulu Öndər Heydər Əliyevin müdrikliyinin daha bir bariz nümunəsidir”, - deyə A.Paşazadə bildirib.

O qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin ölkəmizi etnik separatçılıq, dini zəmində parçalanmaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayriseçkiliyi kimi bəlalardan qoruyaraq xilas etdiyi dövlətimiz, Allaha şükürlər olsun ki, bu gün davamlı tərəqqi edir.

“Ulu Öndər hər zaman bir məqamı vurğulayıb ki, xalqın mədəni irsi, eləcə də mənəvi dəyərlərimiz milli-siyasi varlığımızın əsasını təşkil edir. Hər bir cəmiyyət öz mənəvi həyatı ilə tanınır deyən Ulu öndər dini-mənəvi dəyərlərə xüsusi ehtiram, diqqət və himayəsini bu sözlərlə ifadə etmişdir: “Biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaqlar”.

Həyat Ulu Öndərin uzaqgörənliyini sübut etdi. Dahi Heydər Əliyevə və möhtərəm Zərifə xanıma Allahdan rəhmət diləyirik”, - deyə A.Paşazadə əlavə edib.

A.Paşazadə vurğulayıb ki, “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür” söyləyən, dinindən, dilindən asılı olmayaraq bütün konfessiyalardan olan Azərbaycan vətəndaşlarına eyni dərəcədə diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev həzrətləri illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında həmvətənləri ilə birgə olur, onları təbrik edirdi.

“Allah-Təala bir xalqı istəsə, o xalqa müdrik öndər, rəhbər göndərir və bu xalqı zülmətdən nura tərəf aparır. Bəli, Azərbaycan dağılmaq, xəritədən silinmək həddində olarkən, Allahın mərhəməti və xalqın çağırışı, dəstəyi ilə ulu öndər Heydər Əliyev həzrətləri Azərbaycana gəldi və müstəqilliyimizin əbədiliyini təmin etdi, dövlətçiliyi bizə əmanət qoydu.

Ulu Öndərin Azərbaycan xalqına bəxş etdiyi ən böyük dəyər öz müdrik siyasi yolunun davamçısı İlham Əliyev cənablarını bizlərə bəxş etməsidir. Mən bunu həm də Allah-Təalanın Azərbaycan xalqına Lütfü kimi qiymətləndirirəm”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti