Bakı. Trend:
Arazdəyəndə inşa edilməkdə olan metallurgiya zavodunda Birləşmiş Ştatların bayrağının qaldırılacağı barədə Ermənistanın tərəfinin yaydığı məlumat, bir daha bu ölkənin bir dövlət olaraq formalaşmadığını, ermənilərin öz dövlət artibutlarına hörmət bəsləmədiyini və bu atributların heç bir dəyər daşımadığını təsdiqləyir.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, bu yanaşma sübuta yetirir ki, ermənilər Ermənistanın dövlət olmadığını yaxşı başa düşürlər, başqa ölkənin bayrağını öz bayraqlarından daha dəyərli bilirlir və bu toplumda dövlətçilik təfəkkürü yerli-dibli olmayıb, olmayacaq da.
“Dövlət əxlaqı, ləyaqəti, qüruru olan siyasi hakimiyyət və yaxud toplum başqa dövlətin bayrağının kölgəsinə sığınmaz.
Şübhəsiz ki, bu şantajvari addım və ABŞ bayrağından “xoxan” yaratmaq niyyəti Azərbaycanı öz əraziləri üzərində suveren hüquqlarını bərpa etmək kimi beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli, haqlı mövqeyindən çəkindirə bilməz. Kərki kəndi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin ayrılmaz bir parçasıdır. Bu ərazinin yaxınlığında ABŞ bayrağının qaldırılması bizim üçün heç nə ifadə etmir. Qənaətimə görə, Vaşinqton bu məsələdə Ermənistana öz etirazını bildirməli və Birləşmiş Ştatların dövlət atributlarından şantaj vasitəsi, həmçinin münaqişəyə yol açan bir element kimi istifadənin yolverilməz olduğunu bəyan etməlidir”, - deyə o qeyd edib.
E.Mirzəbəyli bildirib ki, heç bir şantaj, bundan öncə olduğu kimi, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə maneə yarada bilməz.
Qeyd edək ki, Ermənistanın Arazdəyəndə inşa etdiyi metallurgiya zavodunda 20 iyun saat 13:00-da ABŞ və Ermənistan bayraqları qaldırılacağı deyilir. Və İrəvanda hesab edirlər ki, Kərkinin azad olunması perspektivinin qarşısını ABŞ bayrağı ilə ala biləcəklər.
Ekspertin mövzu ilə bağlı daha geniş açıqlamasını videodan izləyə bilərsiniz: