Bakı. Trend:
Ana dili hər bir xalqın varlığını, milli kimliyini təsdiq edən başlıca amildir və hər bir xalqın milli sərvətidir. Həm ulu öndər Heydər Əliyev, həm Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına daim böyük diqqət yetirib. Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Azərbaycan dili və əlifbası tarixin müxtəlif mərhələlərində kənar təsirlərə məruz qalıb.
“Sovetlər dönəmində də Azərbaycan dili və əlifbası sıxışdırılırdı. Xüsusilə SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi.
Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq
cəsarət tələb edirdi. Çünki 30-ci illərdə dil məsələsini
qabardanlar Sibirə sürgün olunurdu. Belə bir şəraitdə Ulu Öndər
Heydər Əliyev cəsarətli mövqe nümayiş etdirərək ana dili
məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qoruyub.
Ümummilli Lider Heydər Əliyev bu yolda yorlumaz və cəsarətli əmək
sərf edərək Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə
nail olmuşdur. Belə ki,1978-ci il aprelin 2-də IX çağırış
Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist
Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq
müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə
çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə Azərbaycan Sovet
Sosialist Respublikasının dövlət dili Azərbaycan dili kimi qəbul
olunmuşdur”, - deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycan müstəqlliyini yenidən qazandıqdan sonra da Ulu öndər Ana dilinin möhkəmlənməsinə və qorunmasına böyük önəm vermişdir.
“Ulu öndərin böyük əmək sərf etdiyi və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonrakı dövlərdə Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu öndər Heydər Əliyev tərəfindən bir sıra fərmanlar imzalanmışdır. Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Belə ki, Prezident İlham Əliyev bu istiqamətdə müxtəlif fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının müasir dövrün tələblərini və reallıqlarını nəzərə alaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.
Eyni zamanda Prezident İlham Əliyevin “Azərbaycan dilinin
elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı
bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı
Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da
genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir;
Bundan əlavə Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də
imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət
dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində
saxlanıldığını bir daha təsdiq edir”, - deyə deputat əlavə
edib.