Bakı. Trend:
Xankəndidəki erməni separatçıların başçısı Araik Arutyunyanın müsahibəsində Bakının tələbləri ilə razılaşmamaq kimi fikirlərinin heç bir mənası yoxdur və bu, boş bir açıqlamadır. Araik özü də sonunun çatdığını bilir və bu cür cəfəng fikirlər səsləndirməklə diqqət cəlb etməyə çalışır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Azərbaycan ərazisində separatçılara yer yoxdur, Azərbaycan humanistlik nümayiş etdirərək, məsələni dinc yolla həll etməyə çalışır.
“Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınır. Azərbaycan öz ərazilərində separatçıların mövcudluğuna imkan verməyəcək. Azərbaycan ərazilərində erməni işğalına son qoyulduğu kimi, separatçıların da mövcudluğuna mütləq son qoyulacaq. Hələlik Azərbaycan məsələni dinc yolla həll etməyə üstünlük verir, ancaq separatçılar unutmamalıdır ki, "dəmir yumruq" hər zaman yerindədir.
Xankəndidə yaşayan ermənilər də Araik kimi qondarma liderlərin arxasınca getməməlidir, Azərbaycanın təklifini düzgün qiymətləndirib doğru seçim etməlidirlər.
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bu məsələ ilə bağlı Qarabağda yaşayan ermənilərə dəqiq mesaj verərək bildirdi ki, onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər”, - deyə deputat qeyd edib.
A.Həsənova vurğulayıb ki, Araik kimlərinsə diktəsi altında bu cür cəfəng fikirlər səsləndirir və Qarabağda yaşayan ermənilərin vəziyyətini daha da acınacaqlı vəziyyətə salır.
“Qarabağda yaşayan erməni icması nə qədər tez Azərbaycanla inteqrasiyaya qoşulsalar, onlar üçün daha yaxşı olacaq, çünki onlar daha acınacaqlı vəziyyətə düşmək istəmirlərsə, separatçı rejimin girovluğundan çıxmalıdırlar. Azərbaycan onlara daha yaxşı təminat təklif edir və onlar mütləq öz seçimlərini etməlidirlər”, - deyə deputat bildirib.