...

Qərbin erməni QƏBRİ - Avropa İttifaqı lobbi pullarına möhtac qaldı

Siyasət Materials 15 Avqust 2023 23:30 (UTC +04:00)
Qərbin erməni QƏBRİ - Avropa İttifaqı lobbi pullarına möhtac qaldı
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Aİ-nin mülki missiyası Ermənistanın Azərbaycanla sərhədində fəaliyyətə başladığı ilk günlərdən mülki işçi heyətinin təxminən 100 nəfərdən ibarət olacağı, onların 50-yə yaxını silahsız müşahidəçi qismində iştirak edəcəyi açıqlamasından artıq bəlli idi ki, Avropa İttifaqının məqsədi heç də məhz sərhəddə monitorinqlə məşğul olmaq, iki ölkə arasında sabitliyin təmin olunmasında fəallıq nümayiş etdirmək deyil.

Bunu geridə qalan 6 ay ərzində daha aydın gördük. Bu zamana kimi Ermənistanla Azərbaycan sərhəddi boyunca fəaliyyətləri zamanı bir dəfə də olsun Ermənistan tərəfinin demək olar ki, hər gün törətdiyi təxribatlara bir kəlmə də ola hesabatında yer ayırmayan bu missiya elə yenicə "Bismillah" etmişdi ki, sözünü-özünü dandı, təzyiqlər qarşısında ağ bayraq qaldıraraq Ermənistana tərəfkeçliyini növbəti dəfə göstərdi.

Belə ki, avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında həqiqətə uyğun olmayan, qarşı tərəfin növbəti dezinformasiyasından ibarət məlumatlar yayıldı.

Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edildiyindən Ermənistan tərəfi nə qədər təxribat törətsələr belə, Azərbaycan Ordusunun bölmələri missiya əməkdaşları istiqamətində səssizliyini hər zaman qorumağı bacarıb, elə bu dəfə də.

Erməni dezinformasiyalarını susduracaq əsas qayə kimi elə Avropa İttifaqının Ermənistanla sərhəddimizdə fəaliyyət göstərən "mülki" missiyasının verəcəyi düzgün informasiya ola bilərdi. Belə də oldu. Biraz bizim üçün gözlənilməz olsa da bir neçə dəqiqəlik Qərbin ədalətinə inandıq.

Aİ-nin Ermənistandakı Monitorinq Missiyası məlumat yayaraq Ermənistan Müdafiə Nazirliyinin Aİ müşahidəçilərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması barədə bəyanatını yalan adlandırdı. Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası patrulunun atəş hədəfi olmadığını bildirməklə Ermənistan Müdafiə Nazirliyinin məlumatını təkzib etməklə yanaşı, Ermənistan hərbi-siyasi hakimiyyətinin ağ yalan danışdığını, bunun Azərbaycana qarşı qarayaxma kampaniyasından başqa bir şey olmadığını göstərdi.

Amma Avropa İttifaqının dürüstlüyü, ədalətliliyi elə bir neçə dəqiqə imiş. Çünkü gözlənildiyi kimi, ermənipərəst Qərb dairələri yenidən geri addım atdılar, yenidən erməni lobbisinin pullarından imtina etməyin onlar üçün çox çətin olduğunu boyunlarına aldılar.

Belə ki, Avropa İttifaqının Ermənistandakı missiyası Ermənistanın Azərbaycan sərhədinə hərbi texnika cəmləməsinin sputnik görüntüləri olduğu halda belə təkzib etməsi azmış kimi, utanmaz-utanmaz Ermənistan MN-in saxta məlumatı əsasında təkrar hesabat yaydı ki, Azərbaycan Ordusu Aİ missiyasının üzvlərini atəşə tutub.

Bu baş verənlər əslində Ermənistan tərəfindən qurulan çirkin ssenarinin ardıdır. Çünkü son aylarda Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddiaları hər kəsə bəllidir. Belə görünür ki, qarşı tərəf bu iddiaları artıq praktik təxribatlarla əvəz etməyə başlayıb. 44 günlük Vətən müharibəsi zamanı olduğu kimi, istər sahədə, istərsə də masada Azərbaycana bata bilməyəcəyini görən bu işğalçı dövlət ənənəvi şər siyasətini dövrəyə gətirməkdən başqa yolunun olmadığını göstərməklə dalana dirəndiyini də nümayiş etdirmiş olur.

Amma ən dəhşətlisi odur ki, bu gün Avropa İttifaqı, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumlar Ermənistan hakimiyyəti və lobbisinin əlində faktiki olaraq silaha çevrilməkdədir. Kor-kor, gör-gör, Ermənistan hamilərinin və lobbi təşkilatlarının yardımı ilə müxtəlif cinahlardan eyni anda Azərbaycana qarşı fərqli üsullarla hücuma keçib. Hətta Qarabağdakı separatçılara məxsus qanunsuz erməni silahlı birləşmələrinin yeni atəş mövqeləri qurmaları, səngərlər qazıb silahlar toplamaqları belə bu ssenarinin əsas tərkib hissəsidir.

Lakin bütün bu təxribatlar Azərbaycanı yolundan geri addım atması üçün yetərli olmayacaq. Ermənistanın və ona sahib çıxdıqları görüntüsünü yaratmaq istəyənlər bir şeyi bir daha bilməlidirlər ki, gələcəkləri varsa, mütləq görəcəkləri də olacaq. Azərbaycan haqlı bildiyini qətiyyətlə əldə edəcək. Olan yenə də Aİ, BMT və bu kimi erməni dəyirmənını işə salmaqda maraq güdən beynəlxalq təşkilatlara olacaq. Onlar da rəsmi Bakıdan ATƏT-dən (keçmiş Minsk Qrupu) fərqli qiymət almayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti