Bakı. Trend:
Ötən iki gün ərzində 120-dən çox erməni əsilli şəxs “Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Qarabağı tərk edib. Sərhəd-buraxılış məntəqəsindən keçərək, Ermənistan istiqamətində gedənlər, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Artıq separatçılar başa düşürlər ki, onlar üçün bundan sonrakı dövrdə Qarabağda heç bir perspektiv yoxdur və onların separatçılıq əməlləri Azərbaycanın qətiyyətli mövqeyi qarşısında heç bir nəticə verməyəcək.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində tarixi zəfərdən sonra Azərbaycan qarşıya qoyduğu məqsədlərə uğurla nail olur:
“Azərbaycan Vətən müharibəsində sonra separatçıların Qarabağ ərazisindən çıxarılması məsələsini daim nəzarətdə saxladı və bu istiqamətdə müvafiq addımlar atdı.
Rəsmi Bakı bu zamana kimi ən müxtəlif səviyyələrdə müxtəlif platformalarda bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər burada qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün qapılar açıqdır, buranı tərk edib istədikləri yerdə yaşaya bilərlər.
Ermənistan və onun havadarları çox çalışdılar ki, müxtəlif təxribatlarla Azərbaycana hər hansı təzyiq göstərərək, separatçıların Qarabağ ərazisində mövcudluğunu qoruyub saxlasınlar. Lakin onların bütün cəhdləri boşa çıxdı.
Artıq həm onlar, həm də havadarları anlayıblar ki, Azərbaycana qarşı çirkin oyunlarını davam etdirə bilməyəcəklər və ona görə də Qarabağı tərk etməyin onlar üçün ən doğru seçim olduğu başa düşüblər”.
A.Həsənova qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında fiaskodan sonra ermənilərin Qarabağ ərazisini kütləvi şəkildə tərk etməsi göstərir ki, onlar artıq yolun sonu olduğunu anlayıblar.
“Bütün bunlar Prezident İlham Əliyevin apardığı qətiyyətli, iradəli və düzgün siyasətin məntiqi nəticəsidir. Heç kim Azərbaycanı haqlı mövqeyindən çəkindirə bilməz”, - deyə A.Həsənova əlavə edib.