Ermənilərin 120 illik illüziyaları, xəyalları və yanlış arzuları artıq məhv olub. Azərbaycan ərazisində irinli yaraya çevrilmiş separatizmin sonu çatdı
Qarabağlı erməniləri Azərbaycandan Ermənistana daşıyan son sərnişin avtobusu bu gecə Xankəndini tərk edərək Gorusa yollanıb.
Azərbaycan cəmiyyətinə reinteqrasiya olmaq, vətəndaşlıq almaq və normal yaşama başlamaq istəməyən ermənilər ölkəmizi tərk ediblər. Onlar Gorusda erməni və əcnəbi jurnalistlərin suallarını cavablayarkən heç bir təzyiqlə üzləşmədiklərini söyləyiblər.
Məsələn, Xankəndi sakini Samvel Mnasakanyanın sözlərinə görə, Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsində (SNBM) azərbaycanlı sərhədçilər və hərbçilər onlarla xoş davranıblar, su və ərzaq veriblər, sonra da yaxşı yol arzulayıblar.
Ermənistana yollanmış ermənilər arasında kimsə (!) azərbaycanlılar tərəfindən təhdidə və ya təqibə məruz qaldığını söyləməyib.
Təbii ki, qarabağlı ermənilərin belə açıqlamaları Ermənistanın hakimiyyət dairələrinə, ölkədəki revanşist qüvvələrə, erməni diaspor təşkilatlarına və xüsusilə də erməniləri dəstəkləyən dövlətlərə, təşkilatlara və siyasətçilərə sərf etmir.
Bu gündən etibarən qarabağlı ermənilər arasında bir neçə nəfərin “Azərbaycanda ölüm təhdidləri ilə üzləşdiyi üçün qaçdığını” dediyini eşitsək və görsək, təəccüblənməməliyik.
Xankəndindəki separatçı xuntanın kapitulyasiyası və bu ilin sonunadək bütün “hakimiyyət strukturları”nı ləğv edəcəyi barədə bəyanatından sonra radikal ermənilərin «hayizm» idefiksi ölümcül zərbə alıb.
120 il ərzində formalaşan, son 30 ildə ən qəddar, iyrənc və məşum format alan erməni radikalizmi artıq səbatlı dayağını itirib.
“Millətin öz müqəddaratını təyin etmək hüququ” adlı yanlış tezisdən faydalanmağa çalışan ermənilər 1990-cı illərin əvvəllərindən bəri Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş, həmin torpaqlarda dünyanın heç bir ölkəsinin və beynəlxalq təşkilatının tanımadığı «dövlət» qurmağa çalışmışdılar.
Separatçılar həmin ərazilərin əksər hissəsini urbisidə uğratmış, yaşayış məntəqələrimizi xarabazarlıqlara çevirmişdilər.
Huşanı separatçılar “qədim mədəniyyət mərkəzi”, Xankəndini “paytaxt” elan etmişdilər.
Münaqişənin dinc danışıqlar yolu ilə nizamlanması üçün rəsmi Bakı bütün vasitələrə əl atmış, problemin beynəlxalq hüquq çərçivəsində həll olunmasına çalışmışdı.
Azərbaycanın tələbləri tam haqlı, istəkləri ədalətli olsa da, dünya birliyi baş verənlərə laqeyd qalmışdı. Bu azmış kimi işğalçı ilə ərazisinin bir hissəsi işğal edilmiş ölkəyə eyni münasibət bəslənirdi, bizdən «səbrli və müdrik davranış» istənilirdi.
Marazm o həddə çatmışdı ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakını dilə tutaraq bir neçə rayonumuzun ermənilərə hədiyyə verilməsi ilə razılaşmağa, qarabağlı ermənilərin "statusu" adı ilə "dövlət müstəqillikləri"ni tanımağa çağırırdılar.
Həmsədrlərin Xankəndiyə səfərləri faktiki və praktiki olaraq heç nəyə xidmət etmirdi.
BMT, ATƏT, UNESCO və bir sıra digər beynəlxalq təşkilatlara müraciət edərək işğal edilmiş ərazilərimizə faktaraşdırıcı missiyaların, monitorinq dəstələrinin göndərilməsini tələb etsək də, Azərbaycanı eşitmək və duymaq istəmirdilər.
Tam əksinə, separatçılara havadarlıq, dəstək və himayə sürəkli artırdı.
Sonra Ermənistanla şərti dövlət sərhədində mövqelərimizə hücumlar oldu. Cavabında Lələtəpə əməliyyatı yaşatdıq düşmənə.
Daha sonra 44 günlük İkinci Qarabağ Müharibəsi.
Sonucda da lokal antiterror tədbirləri.
Olanları bilirik - bir daha sadalamağa lücum görmürəm.
Bundan sonra nələrin olacağını təxminləməyə çalışaq.
Əvvəla, bir daha təkrar edək ki, rəsmi Bakı bir nəfər olsun belə, dinc, hərbi cinayətlərin törədilməsində iştirak etməməmiş qarabağlı erməninin ölkəni tərk etməsini istəmir. Tam əksinə, ölkənin hakimiyyət dairələri qarabağlı ermənilərin normal, təhlükəsiz, hüquqlarının bütünlüklə qorunduğu yaşamlarını təmin edəcək.
Biz qarabağlı ermənilərə qarşı yox, erməni separatiçılrına və terrorçularına qarşı vuruşmuşuq.
Dinc sakinlər həyatlarını davam etdirə bilərlər.
Separatçı rejimin vardığı illərindən fərqli olaraq yoxsul, qıtlıqlarla müşahidə olunan, ümidsiz və perspektivsiz həyatı yox - Azərbaycan vətəndaşı qismində tam normal yaşamı.
İşğaldan azad edilmiş bütünr ərazilərdə olduğu kimi, qarabağlı ermənilərin yaşadıqları areallarda da infrastruktur layihələri həyata keçiriləcək, bərpa və rekonstruksiya işləri aparılacaq. Yeni yollar, yaşayış binaları, məktəblər, uşaq bağçaları, xəstəxanalar, ticarət mərkəzləri, müəssisələr və s. inşa ediləcək.
Xankəndi, Ağdərə, Xocalı, Əsgəran, Xocavənd indiki miskin görkəmlərini dəyişəcəklər, ən müasir tələblərə və çağırışlara cavab verən şəhərlərə çevriləcəklər.
Azərbaycan polietnik, tolerant və multikultural dövlətdir: qarabağlı ermənilər də ölkəmizin sakinləridir.
Onların cəmiyyətimizə reinteqrasiyası ilə bağlı fəaliyyət planı hazırdır və plan əsasında Qarabağın erməni sakinlərinin zəruri tələbatlarının ödənməsindən və humanitar problemlərin həllindən tutmuş, yeni iş yerlərinin yaradılması, təhsil, səhiyyə və s. məsələlərlə bağlı konkret tədbirlərin görülməsi nəzərdə tutulub.
Rəsmi Bakının belə siyasətinə və planları varkən, erməni separatizmini dəstəkləyən qüvvələrlə yanaşı, Ermənistanda və erməni diasporunda olan revanşist mərkəzlər fəaliyyətlərini aktivləşdirirlər.
Onlar mifik təqib, uydurma təhdid problemlərindən bəhs edir, Azərbaycana qarşı tamamilə əsassız və absurd iddialarla çıxış edir, Bakını ittiham etməyə çalışırlar.
Separatizmin kökü kəsilməkdə olsa da, erməni separatçılar və onların havadarları sakitləşən deyillər.
İşğaldan və separatizmdən azad edilən, normal həyat ritminə qayıdan ərazilərimizdə infrastruktur layihələrinin icrasının sürəti ilə miqyası genişləndikcə, Azərbaycana düşmən qüvvələr daha da fəallaşacaqlar.
Onların fəaliyyət müstəvisi genişdir: Azərbaycan daxilindəki radikald müxalifət qruplarına və özlərini qeyri-hökumət təşkilatı adlandıran bəlli strukturlara stavka ediləcək, maliyyə ayrılacaq, ölkədəki siyasi sabitliyin pozulması üçün bütün vasitələr işə salınacaq.
Azərbaycana qarşı aparılan hibrid savaşın tərkib hissələrindən olan sosial şəbəkələrdə də ölkəmizlə cəmiyyətimizin hədəfəalınma kampaniyaları sürətlənəcək.
Xarici ölkələrə sığınmış “bloqer”lər vasitəsilə virtual məkana hədyanlar, yalanlar, böhtanların translasiyası intensivləşəcək.
Habelə, beynəlxalq təşkilatlarda Azərbaycana qarış yönəlmiş ittihamlara yeni simasız “sima”ların qoşulması da əsla istisna deyil: Ermənistanın hakimiyyət dairələri və İrəvanı dəstəkləyən qüvvələr arsenallarındakı bütün imkanlardan yararlanmağa çalışacaqlar.
Bütün bunları nəzərə almalı, sayıq olmalıyıq.
Qarabağlı ermənilərlə birgəyaşam prinsiplərinin mümkünsüzlüyünü vurğulayan düşmənlərə imkan verməməliyik.
Qarabağ Azərbaycandır - bu, sadəcə bəyanat yox, beynəlxalq hüququn preambulasındakı prinsiplərə əsaslanan fakt, iradə və qətiyyətdir.
Qarabağlı ermənilər normal yaşama başlayacaqlar.
Gedənlər də qayıda bilər - yol açıqdır.
Bir şərtlə: Azərbaycan vətəndaşlığını qəbul etməli, Konstitusiyamızın və mövcud qanunvericiliyimizin tələblərinə bütünlüklə əməl etməlidir.
Bu isə əsla çətin deyil.