Bakı. Trend:
Bu gün Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan, qədim Azərbaycan xalqının milli-mənəvi irsini özündə təcəssüm edən Cəbrayıl rayonunun işğaldan azad edildiyi gündür. Təbii ki, bu gün böyük əhəmiyyətə malikdir. 1993-cü ilin avqust ayının 23-də Cəbrayıl rayonu erməni silahlı qüvvələrinin işğalına məruz qalması olduqca acı bir tarixi fakt idi. Çünki bu işğal dövründə xalqımıza məxsus milli-mədəni irsimizi özündə əks etdirən çoxlu sayda milli-mədəni abidələrimiz erməni vandalları tərəfindən məhv edildi. Bununla yanaşı, Cəbrayıl rayonunun infrastrukturu məhv edildi. Amma bu illər ərzində tarixi torpaqlarımız əsl sahiblərinin gəlməsini gözləyirdi.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Cəbrayıl rayonunun işğaldan azad olunması düşmənə ağır zərbə vurdu.
“Heç təsadüfi deyil ki, Böyük Qayıdış məhz Cəbrayıldan başladı. 5 yanvar 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi ilk olaraq işğaldan azad edildi. Strateji yüksəkliklər işğaldan azad edildikdən sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-ci ildə aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu zamanı Lələ Təpə yüksəkliyi də işğaldan azad edildi. Azərbaycan Ordusunun bu uğurları bizi böyük qələbəyə daha da yaxınlaşdırdı”, - deyə deputat bildirib.
S.Hüseynova vurğulayıb ki, Cəbrayıl rayonunun azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir.
“Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 27 sentyabrda Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, oktyabrın 4-də isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan əməliyyatlar nəticəsində ümumilikdə bir şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonuna 4 dəfə səfər edib və bu səfərlər zamanı mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimləri baş tutmuşdur”, - deyə S.Hüseynova qeyd edib.
Deputat hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Cəbrayıl rayonunda da vətəndaşlarımızın öz dogma torpaqlarına qayıdaraq rahat yaşaması üçün bütün tədbirlər həyata keçirilir:
“Cəbrayılda dağıdılan mədəni-tarixi abidələrimizin də bərpası həyata keçirilir. Ən şərəfli anlardan da biri təbii ki, Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması olmuşdur. Bu, Azərbaycan xalqı üçün qürur və fəxarət və çox böyük siyasi və tarixi əhəmiyyətə malik hadisə idi. Bu gün fəxarət və qürur hissi ilə deyə bilərik ki, Cəbrayıl rayonu tam bərpa olunacaq və Cəbrayıl sakinləri də rahat yaşaya biləcəklər. Qazanılan bütün uğurlar təbii ki, ölkə Prezidentinin iradəsi, xalqımızın biriliyi və ordumuzun gücü sayəsində qazanıldı”.
S.Hüseynova 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd olunmasını mühüm bir tarixi reallığın təzahürü olduğunu söyləyib.
“Ali Baş Komandan tərəfindən 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Məhz bu şanlı tarixi Qələbə günlərinin əbədiləşdirilməsi üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunub”, - deyə deputat əlavə edib.