...

Rusiyalı hərbçilər İrəvan üçün siyasi oyuncaq deyil

Siyasət Analytics 9 Oktyabr 2023 10:29 (UTC +04:00)
Rusiyalı hərbçilər İrəvan üçün siyasi oyuncaq deyil
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ərazisindəki erməni separatçı xuntanın sonu çatdırılandan və separatçılar tam kapitulyasiya edəndən sonrakı vəziyyət bir çox suallara cavabları tələb edir. Onların arasında əsas suallar rusiyalı sülhməramlılarla bağlıdır.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingenti (RSK) dünən Qarabağ ərazisində 5 müşahidə-nəzarət postunu ləğv etdi. Beləcə, rusiyalı sülhməramlılar postların ləğvi prosesini davam etdirirlər.

Separatçı xuntanın onillərdən bəri davam edən fəaliyyətinə son qoyulduğu Xankəndi küçələrindəsə rusiyalı sülhməramlılar azərbaycanlı polislərlə birlikdə asayişin və təhlükəsizliyin təminatı ilə məşğuldurlar.

RSK öz haqqındadır, qanunsuz heç nə etmir. Çünki rusiyalı hərbçilərin qarşısında qoyulmuş vəzifələri kimsə ləğv etməyib.

2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, məhz rusiyalı hərbçilər qarabağlı ermənilərin kompakt yaşadıqları ərazilərdə təhlükəsizliyin təminatı ilə məşğul olmalıdırlar.

Lakin Azərbaycan ordusu lokal antiterror tədbirlərini həyata keçirib separatçıları kapitulyasiyaya və tərksilaha vadar edəndən sonra qarabağlı ermənilərin silahlı dəstələri, habelə Ermənistan Müdafiə Nazirliyinin ölkəmizin ərazisində işğalçı ekspedisiya korpusu rolunu oynamağa davam edən hərbi birləşmələri silahı yerə qoyaraq qaçdılar.

Beləcə, RSK-nın əvvəlki təmas xəttində postlarına zərurət qalmadı, həmin mövqelər məntiq baxımından anaxronizmə çevrildilər.

Ermənistanın hakimiyyət dairələri, siyasi elitaları, mediası və eyni zamanda, Rusiyadakı ermənipərəst elementlər yaranmış vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışırlar.

Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində RSK-nın guya Azərbaycan ərazisindən noyabrın 1-də çıxması iddiası yayılıb. Rusiya Dövlət Dumasının MDB məsələləri komitəsinin sədr müavini, deputat Konstatin Zatulin isə bəyan edib ki, sən demə, "rusiyalı sülhməramlıların Qarabağı tərk etməsinə çox az qalıb".

Rəsmi Moskva bu iddiaları hələlik konkret formada cavablamayıb. Rusiya XİN "məsələ Azərbaycanla təmaslar və müzakirələr prosesində müzakirə ediləcək" tipli bəyanat verib.

Amma prosesi zahirən göründüyü kimi, bəsit deyil və təbii ki, sadə həllər də ola bilməz.

İlk baxışdan gerçəkdən də, rusiyalı sülhməramlıların fəaliyyətinə zərurət yoxdur. Ordumuz separatçıların mərkəzi hakimiyyətini ləğv olmağa vadar edib, silahlı separatçılar tərksilah ediliblər, onların mövqeləri və uzunmüddətli müdafiə istehkamlarının istisnasız olaraq hamısı hərbçilərimizin kontrolundadır.

Xankəndindəki xunta artıq yoxdur, bu xuntanın sabiq rəhbərləri isə saxlanaraq Bakıya gətiriliblər və ədalət məhkəməsi qarşısında duracaqlar.

Separatçıların nizami, mütəşəkkil silahlı dəstələri artıq yoxdur və onların olduqları məkanlarda qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı işlər gedir.

Bir zamanlar RSK-nın operativ nəzarətində olan ərazilərdə təhlükəsizliyi və asayişi hərbçilərimizlə Azərbaycan DİN təmin etməyə qadirdir, edəcək də. Hətta Ermənistana köç etmiş qarabağlı ermənilərin geri qayıdacaqları təqdirdə belə, heç bir problem yaranmayacaq.

Bu detallar təbii ki, RSK-nın dərhal çıxarılmasının qaçılmaz olduğunu düşünürlər.

Belə deyil.

Əvvəla, RSK-nın Azərbaycani ərazisində fəaliyyətinin müddətinin üçtərəfli bəyanatda göstərilmiş vaxtı hələ çatmayıb. Həmin sənədə görə, Rusiyanın Sülhməramlı Kontingenti Azərbaycant ərazisində 2025-ci ilədək qala bilər.

Təbii, sadalanan məqamlara görə, rusiyalı hərbçilər daha tez getməlidirlər və beynəlxalq hüquqda, xüsusilə də sülhməramlı kontingentlərin dünyanın müxtəlif ölkələrindəki fəaliyyətində oxşar hallar, analoji presedentlər mövcuddur.

Qarabağdakı separatçı xunta ləğv edildiyindən və onun silahlı dəstələri tərksilah olunduğundan, rusiyalı sülşməramlıların fəaliyyətində əsas prinsip kimi nəzərdə tutulmuş "qarşıdurma tərəfləri arasında olaraq sülhlə stabilliyi təmin etmək" proseduruna zərurət qalmayıb.

RSK Azərbaycan ərazisində daxil olandan az sonra onun fəaliyyəti ilə bağlı əvvəlcə suallar, sonra narazılıqlar yarandı. Səbəblər də yetərincə idi.

Rusiyalı sülhməramlılar qarabağlı erməni separatçıları mövqelərədək müşayiət edir, onların silah-sursat, hərbi texnika, yanacaq və s. daşımalarına mane olmur, separatçılar yeni mövqelər inşa edəndəonları qoruyur və bu kimi "sülhməramlı" fəaliyyətlə məşğul olurdular.

Onlar habelə, Xankəndi-Gorus marşrutu açıq olanda Axzərbaycanın təbii sərvətlərinin vəhşicəsinə talan edilərək Laçın yolu ilə Ermənistana daşınmasına mane olmurdular.

Ancaq indi xunta yoxdur, amma rusiyalı sülhməramlılar yenə kəskin tənqid edilirlər. Onları tənqid edənlərsə ermənilər, Ermənistan mediası və İrəvandakı siyasi elitalardır.

Ermənilər nədənsə şübhə etmirdilər ki, RSK Qarabağdadırsa, deməli, qarabağlı ermənilərin istisnasız olaraq hamısına Rusiya Federasiyasının pasportları paylanılacaq, daha sonra isə separatçılar Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin yolunu gedərək "Rusiya Federasiyasının rəsmi himayəsi" altında olacaqlar.

Halbuki nə Rusiyanın belə planları vardı, nə də Bakı həmin ssenarilərin reallaşmasına imkan verməyəcəkdi.

Qarabağlı erməni separatçılarının və Ermənstandakı revanşist qüvvələrin xam xəyalları puç olanda, illüziyaları dağılanda isə onlar uğursuzluqlarında rusiyalı sülhməramlıları ittiham etməyə başladılar.

Ermənistan mediasının və siyasətinin absurdu o həddə çatıb ki, İrəvan rusiyalı sülhməramlıların Qarabağdan dərhal çıxarılmasını, onların beynəlxalq sülhməramlı kontingentlə əvəzlənməsini tələb edir.

Halbuki beynəlxalq hüquqa, habelə Azərbaycanın və Ermənistanın da imzaladıqları sənədlərə görə, RSK-nın fəaliyyət müddəti və ümumiyyətlə, səlahiyyətləri ilə bağlı qərarı yalnız rəsmi Bakı verə bilər.

Rusiya öz hərbçilərini onsuz da Qarabağdan çıxaracaq, özü də 2025-ci ildən tez müddətdə. Rəsmi Bakının sülhməramlıların fəlaiyyət zamanın qısaldılması tələbini irəli sürülməsi ciddi zərurət duyulmayan məsələdir.

Rusiyanın RSK-nı təşkil edən hərbçilərə Ukraynadakı hərbi əməliyyatlar teatrında mövqelərini möhkəmlətmək üçün ehtiyacı var.

Azərbaycanla Rusiya Federasiyası arasındakı tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək, əlaqələri daha da genişmiqyaslı və intensiv etmək niyyətində olan rəsmi Bakı Moskvanı tələsdirmək niyyətində deyil.

Regionda çirkin ssenariləri və təhlükəli planları reallaşdırmağa çalışan güclərin xülyalarına rəğmən…

Məqalədə:
Xəbər lenti

Xəbər lenti