Bakı. Trend:
44 günlük Vətən müharibəsi bizə göstərdi ki, bizim uğurlarımız qarşısında bacarmayan separatçılara dəstək verən ermənipərəst qüvvələr Azərbaycana təsir etmək, onun qətiyyətli mövqeyindən döndərmək üçün müxtəlif yollara əl atırlar. Ancaq hələ də dərk etmirlər ki, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Qarabağ münaqişəsi artıq başa çatıb.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, qeyd edib ki, Paşinyanın Avropa Parlamentində qəbulu, ümumilikdə, Avropanın Ermənistana dəstəyi, Paşinyana orada xüsusi münasibətin göstərilməsi Avropanın ikiüzlü siyasətini bir daha ortaya qoydu: “Biz növbəti dəfə Avropanın ikiüzlülüyünü, proseslərə ikili standarlardan yanaşmasını müşahidə etdik. Amma bu cəhdlər əbəsdir. Azərbaycanı haqq yolundan kimsə dönədərə bilməz”.
Deputat bildirib ki, Avropa Parlamentinin anti-Azərbaycan fəaliyyəti fonunda bu qurum daxilində üzə çıxan mənfilikləri də qeyd etmək yerinə düşər:
“Azərbaycana əsassız yerə hücumlar edən Avropa Parlamentində korrupsiya faktlarının olması artıq kimsəyə sirr deyil. Üstəlik bu qurumda islamofobiya demək olar ki, ən yüksək həddə çatıb. Avropa Parlamentində son illər atılan addımlar həqiqətən onların yürütdüyü siyasəti, tutduğu mövqeyini tam şubhə altına alır. Hələ üstəlik Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan Azərbaycana qarşı əsassız mövqe bizdə təəccüb doğurur. Görünür, bizim uğurlarımızı bəzi ölkələrin həzm etməməsi uzun illər çəkəcək”.