...

Müxalif qüvvələr ümidlərini doğrultmadı - Qərbin Azərbaycan cəmiyyətinə nüfuz etmək üçün YENİ PLANI

Siyasət Materials 28 Oktyabr 2023 15:00 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nəhəng siyasi, diplomatik, hərbi uğurları yaxın regionlarda qanlı toqquşmalara, müharibələrə, siyasi-iqtisadi təlatümlərə baxmayaraq, öllımizin “sabitlik adası” kimi sürətli yüksəlişişini təmin edir. ABŞ, Fransa, Almaniya kimi bir sıra Qərb dövlətlərini bundan xeyli pərişan görünürlər. Onların müxtəlif kanallarla illərdir Azərbaycanda müxalif qüvvələrə xərclədiyi pullar nəticə vermir, antimilli ünsürlər cəmiyyətdə ictimai nüfuzunu tamamilə itirib, rüsvay olublar.

Azərbaycanda qarışıqlıq yaratmaq arzusunda olan bir sıra Qərb ölkələri özlərinin nəzarətində olan xarici donorlar vasitəsilə Azərbaycan cəmiyyətinin içərisinə nüfuz etməyə cəhdlər edir, müxtəlif qanunsuz üsullara əl atırlar. ABŞ-ın USAID təşkilatı burada xüsusi fərqlənir. Onların əsas məqsədi Azərbaycanın əldə etdiyi uğurları gözdən salmaq, həssas qrupları fəallaşdırmaqla, onlarda dövlət əleyhinə fikirlər formalaşdırmaq, “qalib xalq”, “qalib dövlət”, “qalib ordu” fenomenlərinə qarşı çıxaraq, tarixi Zəfəri gözdən salmaq, cəmiyyətdə məğlubiyyət, məyusluq əhval-ruhiyyəsi yaratmaq, müstəqil Azərbaycan dövlətinin yüksəlişi, inkişaf etmiş ölkəyə çevrilmək istiqamətində sürətli iqtisadi inkişafı yolunda maneəyə, əngələ çevrilməkdir. Onlar ölkədə süni şəkildə ictimai gərginlik yaratmaq üçün alışıb-yanırlar.

Qanuna görə, Azərbaycanda QHT-lər Ədliyyə Nazirliyinin müvafiq bildirişini əldə etmədən xarici donorlardan maliyyə ala bilməz. Qeydə alınmayan qrant və sub-qrant müqavilələri üzrə bank əməliyyatları aparıla bilməz. Qanuna görə, donor qismində çıxış edən xarici hüquqi və fiziki şəxslər əvvəlcə özləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata düşməlidirlər. Həmçinin onların ayıracaqları qrant layihələrinin maliyyə-iqtisadi əsaslandırılması barədə Maliyyə Nazirliyinin rəyi olmalıdır. Donorla bağlı prosedur tamamlandıqdan sonra qrant almaq istəyən təşkilatla bağlı prosedurlara başlanılır. Göründüyü kimi, burada ciddi nəzarət tədbirləri vardır.

“Dövlətin gözündən yayınmaq” üçün xarici donorlar son vaxtlar bir çox şübhəli layihələri dövlət qeydiyyatına qəsdən təqdim etmir, qrant layihəsinin müəllifi və icraçısı qismində özləri çıxış edir, Azərbaycandakı tərəfdaşlarını isə “xidmət müqaviləsi” ilə layihənin icrasına cəlb edirlər. Partnyorları olan QHT-lər də bu praktikaya uyğun olaraq, məsuliyyətdən yayınmaq üçün prosesə “hüquqi şəxs” qismində qoşulmur, QHT təmsilçiləri fərd olaraq - “fiziki şəxs” qismində “xidmət müqaviləsi” ilə maliyyə əldə edirlər. Bir çox hallarda xarici donorların layihələrinin adları və məzmunu uyğun gəlmir. Modern trendlərə uyğunlaşdırılmış mövzulardan, yeni terminlərdən, qarışıq ifadələrdən istifadə edərək layihənin mahiyyətini, əsl hədəfini gizlətməyə çalışırlar. Layihənin zahiri prioritetləri üzrə bir neçə tədbir keçirib diqqəti yayındırdıqdan sonra özlərinin gerçək məqsədləri yönündə işə başlayırlar.

Məsələn, müxtəlif adlar altında Azərbaycana nüfuz etməyə çalışan Avrasiya Əməkdaşlıq Fondunun (Eurasia Partnership Foundation) menecmentində direktorlardan biri erməni Hrach Topalyan-dır (https://www.eurasia.org/our-team/hrach-topalyan/), Qəyyumlar Şurası üzvləri sırasında Richard L. Morningstar (https://www.eurasia.org/our-team/the-honorable-richard-l-morningstar/), Məşvərət Şurasında isə Richard D. Kauzlarich (https://www.eurasia.org/our-team/the-honorable-richard-kauzlarich/) kimi anti-Azərbaycan şəbəkəsinin üzvləri təmsil olunur.

Xarici donorların üsullarından biri də maliyyəni beynəlxalq təşkilatlara ayırmaq, özləri donor kimi qalmaqla, onların loqosu, brendi altından maliyyəni şübhələndirmədən ötürməkdir. Hətta burada müxtəlif kombinasiyalar da qurulur. Maliyyə bir təşkilatdan digərinə, ondan da başqa birisinə ötürülür. Təsadüfi deyil ki, bir qayda olaraq ağır qrant şərtlərindən, yüksək seçim meyarlarından dəm vuran Avropa İttifaqı və BMT-nin müxtəlif təsisatları Azərbaycanda heç kimin tanımadığı təşkilatlara, şəxslərə böyük miqdarda maliyyə vəsaitləri ayırmaqda yarışa giriblər. Son vaxtlar Azərbaycanda QHT-lərlə iş sayəsində geniş islahatlara başlanılıb, qanunvericilik bazası gücləndirilir. “Xidmət müqavilələri” ilə qaranlıq iş görənlərin də üzə çıxarılmasının vaxtı çatıb. Bu sahədə də islahatların dərinləşdirilməsi labüddür.

QHT sektorunda müftəxorlar, “qrantoyedlər”, araqatanlar üçün yer olmamalıdır. Etiraf olunmalıdır ki, əvvəlki dövrdə QHT-lərə dövlət dəstəyinin həyata keçirilməsində yol verilən nöqsanlar, bu sahədə ələbaxımlılıq mühitinin, qruplaşmaların formalaşdırılması bəzi hallarda xarici təsir altına düşənlərin, “reket QHT”lərin önə çıxmasını şərtləndirib, ancaq bu fəsadlarla mübarizə amansız olmalıdır, çünki dövlət maraqları hər şeydən üstündür.

Azərbaycanın vətəndaş cəmiyyətinin böyük potensialı var, burada xeyli sayda intellektuallar toplaşıb, son vaxtlar dövlət tərəfindən QHT-lərlə iş sahəsində gücləndirilən sağlamlaşdırma tədbirləri son nəticədə “xidmət müqaviləsi” ilə nəzarətdən yayınmaq istəyənlərə də ciddi siqnal olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti