...

Ermənistanın yeni havadarları çökən nüfuzlarını bərpa etməyə çalışır - ŞƏRH

Siyasət Materials 27 Fevral 2024 14:00 (UTC +04:00)
Ermənistanın yeni havadarları çökən nüfuzlarını bərpa etməyə çalışır - ŞƏRH
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İlk dəfə olaraq, müstəqil Azərbaycan tarixində xocalılılar öz doğma yurdlarında bu faciəni, bu soyqırımını yad etdilər. Xankəndililər, xocalılılar, ağdərəlilər və digərləri işğaldan azad edilmiş öz ata-baba torpaqlarında, öz doğma torpaqlarında Prezident seçkilərində iştirak etdilər.

Bu barədə Trend-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, təbii ki, bu, çox vacib bir amildir:

"Xocalılıların qanı yerdə qalmadı. Düşmən düşünürdü ki, həmin əraziləri daim tapdaq altında saxlayacaq. Qarabağın ən qədim tarixindən birinə malik olan Xocalıda 1992-ci ilin fevral ayında baş verənlər, əlbəttə ki, ermənilər adına bir cinayət idi. Bu, utanverici bir cinayət idi. Bu, insanlıq adına bir cinayət idi ki, hansına ki, dünyanın əksər qlobal gücləri qiymət vermədilər. Amma Azərbaycan ordusu özü həmin o canilərin dərsini verdi. Azərbaycan ordusu özü onlara bir tarix dərsi verdi. Prezident İlham Əliyevin Xocalıda çıxışı, ondan qabaq Xankəndidə çıxışı və andiçmədə qeyd etdikləri çox mühüm məsələləri özündə əks etdirirdi.

Bununla da danışıqlar prosesində və prosesdən sonra da erməni tərəfi bilməlidir ki, əgər Azərbaycan torpaqlarına gələcəkdə göz dikəcəklərsə, mütləq şəkildə dərslərini alacaqlar. Məlumdur ki, ötən həftədən başlayaraq, ələlxüsus, mütəmadi olaraq Ermənistan silahlı qüvvələri şərti sərhədyanı ərazilərdə atəşkəsi pozurlar və Azərbaycan ordusu üzərinə atəş açırlar.

Bütün bunlar ondan xəbər verir ki, Ermənistan bölgədə yeni problemlər istəyir və düşünür ki, o, bu problemlərin həyata keçməsi ilə nicat yolu tapacaq. Nikol Paşinyan ölkəsini Qərbə inteqrasiya etmək üçün ölkə daxilində müxtəlif vektorların imicinə zərbə indirmək və eyni zamanda, Azərbaycandan qisas almaq üçün belə bir əməli həyata keçirir.

Əlbəttə ki, onun havadarları var. Onun yeni havadarlarının da öz geosiyasi məqsədləri var. Dünyada çökmüş nüfuzlarını bərpa etmək kimi bu və yaxud digər şəkildə istəkləri var. Amma onlar bilməlidirlər ki, bu, danışıqlar prosesini pozmaqdır. Bu gün də eyni ssenarini onlar həyata keçirirlər və danışıqların danışıq xətrinə olmaması üçün fəaliyyət göstərmək lazımdır. Amma Ermənistan bunun əvəzində danışıqlara hər zaman yeni bir mövzu gətirir. Bu isə Ermənistan dövlətçiliyini artıq sual altına qoyur və Ermənistan dövlətçiliyinin, ümumiyyətlə, gələcəkdə olub-olmaması məsələsini gündəmə gətirir ki, təbii ki, buna cavabı Nikol Paşinyan, Ermənistan hərbçiləri verəcək. Ona görə hazırda İrəvan, doğrudan da, çox məsuliyyətli bir tarixi mərhələyə qədəm qoyur.

Ya İrəvan ağlını başına gətirib Azərbaycanın tələblərini yerinə yetirəcək, təxribatlardan uzaq olacaq, ya da onun, ümumiyyətlə, dövlətçiliyinin harada mövcud olub-olmaması məsələsi gündəmdə qalacaq ki, yaxın vaxtlarda hətta bu məsələyə də aydınlıq gətirmək mümkün olacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti