...

İkili siyasət yeridən Aİ-nin növbəti riyakarlığı - Ali komissarın mətbuat katibi yeni ermənipərəst açıqlamaları ilə gündəmə gəlib

Siyasət Materials 28 Fevral 2024 10:30 (UTC +04:00)
İkili siyasət yeridən Aİ-nin növbəti riyakarlığı - Ali komissarın mətbuat katibi yeni ermənipərəst açıqlamaları ilə gündəmə gəlib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano Azərbaycana qarşı səsləndirdiyi qərəzli açıqlamaları ilə yenidən gündəmə gəlib.

Trend xəbər verir ki, Stano bu açıqlamaları Ermənistanın "Armenpress" xəbər agentliyinə verdiyi müsahibəsində bildirib.

Ali komissarının nümayəndəsi bildirib ki, Aİ Ermənistana heç bir hücumun olmayacağı fikrindədir.

"Lakin Aİ çox aydın şəkildə bildirib ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyi pozularsa, biz cavab verəcəyik", - Stano deyib.

Erməni müxbirin Azərbaycana qarşı sanksiyaların tətbiq olunma ehtimalı ilə bağlı təxribatçı sualına isə Stano sanksiyaların bütün problemləri həll etmədiyini bildirib.

"Biz, adətən, digər bütün vasitələrlə istənilən məqsədlər əldə olunmadıqda sanksiyalar tətbiq etməyə başlayırıq", - deyə Aİ nümayəndəsi deyib.

Qeyd edək ki, bunlar Aİ nümayəndəsinin Azərbaycana qarşı ilk qərəzli açıqlamaları deyil. Belə ki, Peter Stano ötən ilin noyabr ayında da Brüsseldə "Armenpress" xəbər agentliyinə verdiyi müsahibəsində ölkəmizlə bağlı qərəzli fikirlər səsləndirib. Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçilik roluna iddia edən Aİ-nin ikili siyasət yeritdiyinin növbəti sübutudur.

Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Aİ ali komissarının mətbuat katibi Peter Stanonun ötənilki müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Avropa İttifaqının nümayəndəsinin 30 il ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün işğalçı və təcavüzkar Ermənistan tərəfindən pozulması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütməsi, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktlarını görməzdən gəlməsi təəssüf doğurur.

Bir daha vurğulayırıq ki, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən sülh müqaviləsinin təşəbbüskarı olaraq tərəfimizdən atılan ardıcıl addımlarla sübut edilib", - Azərbaycan XİN nümayəndəsi deyib.

Xəbər lenti

Xəbər lenti