Bakı. Trend:
Bəzi ölkələr öz problemlərini özləri həll edir. Azərbaycan da belə ölkələrdəndir və eyni zamanda, problemi uğurla həll edən azsaylı, bəlkə də, yeganə ölkədir.
Trend xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmtəsisçisi İsmayıl Serageldin jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanın Qarabağ problemi var idi, ancaq bu artıq həll olunub. Artıq Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır ki, bu da çox vacib bir addımdır və artıq formal sülh sazişi və qalan kiçik məsələlərin həlli üzərində danışıqlar gedir.
Müəyyən ölkələr uzun müddət Ermənistanı dəstəklədi və Qarabağın erməni sakinləri ilə necə davranmaqla bağlı Azərbaycana tövsiyə verməyə cəhd etdilər. Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bəyan edib ki, Qarabağın erməni sakinləri oranı tərk etmək istəyirsə, bu, onların öz seçimidir, əgər onlar qalmaq istəyirsə, Azərbaycan vətəndaşlarının yararlandığı bütün hüquqlardan yararlanacaqlar”,- deyə o bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.
