...

Azərbaycanla Gürcüstan arasında zəngin tarixi münasibətlər var - Deputat

Siyasət Materials 18 Mart 2024 12:15 (UTC +04:00)
Azərbaycanla Gürcüstan arasında zəngin tarixi münasibətlər var - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Gürcüstan arasında zəngin tarixi münasibətlər var. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri iki dost ölkə arasında əlaqələrin bundan sonra da dinamik inkişafına mühüm töhfə verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub.

“2022-ci ildə bu münasibətlərin 30-cu ildönümü qeyd olundu. Müstəqilliklərini yenidən qazandıqdan sonra iki ölkə arasında səmərəli münasibətlər quruldu. Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.

2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb. Qarşılıqlı hörmət və etimada əsaslanan bu münasibətlər ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb, iki ölkə arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir”, - deyə o əlavə edib.

A.Həsənova vurğulayıb ki, iki ölkə arasında yaxın dostluq münasibətləri ümumilikdə regionda sülhün və sabitliyin təmin edilməsində, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməsinə imkan verir.

“Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda iki ölkə arasında iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. Dövlət başçısı qeyd etdi ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır.

“Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur. Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib”.

Deputat əlavə edib ki, bu gün Gürcüstanla Azərbaycanı eyni zamanda Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir.

“Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti