Bakı. Trend:
Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılmasının təmin edilməsi Azərbaycanın növbəti uğuru və sülhün bərqərar olunması istiqamətində olduqca mühüm addımdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, bir güllə atılmadan, qan tökülmədən Qazax rayonunun işğal altında olan dörd kəndi geri qaytarıldı.
“Ölkə Prezidenti hələ 2020-ci ildə Vətən müharibəsində əldə olunan zəfərdən sonra üç rayonun bir güllə atılmadan Azərbaycana qaytarılmasını təmin etmişdi. Bu, onu göstərir ki, Prezident İlham Əliyev məsələnin sülh yolu ilə həll edilməsinə üstünlük verir. 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağda suverenliyinin yekun bərpası, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsi və indi də 4 kəndin qan tökülmədən geri qaytarılması qeyd edəcəyimiz qələbələr silsiləsindən növbəti qələbədir”, - deyə deputat bildirib.
O vurğulayıb ki, bu gün regionda baş verən proseslər Azərbaycanın müəyyən etdiyi sülh gündəliyinə uyğun həyata keçir.
“Azərbaycanın 44 günıük Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar artıq bütün dünya tərəfindən qəbul edilir. Bir sıra ölkələr regionda proseslərə müdaxilə etməyə cəhd etsələr də, Azərbaycanın qətiyyətli və prinsipal mövqeyi nəticəsində bu cəhdlərin qarşısı alındı və regionda sülhün bərqərar olması istiqamətində mühüm irəliləyişlərə nail olunub. 4 kəndin Azərbaycana qaytarılmasının təmin edilməsi sülh quruculuğu istiqamətində olduqca mühüm addımdır. Azərbaycan hər zaman regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarı olub və bu istiqamətdə öz üzərinə düşən öhdəliklərini yerinə yetirib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olur”, - deyə deputat əlavə edib.