Bakı. Trend:
Durovun həbsi insan hüquqlarına və söz azadlığına zərbədir.
Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
O bildirib ki, Pavel Durovun Fransada həbsi demokratiya və insan haqları ilə vəziyyətin qərbdə ayaqlar altında olduğunun növbəti göstəricisidir.
"Fransanın Durovu istintaqa cəlb etməsi ilə bağlı hüquqi izahlarının özündə çox böyük absurdluqlar mövcuddur. Nəzərə almaq lazımdır ki, bir sosial şəbəkə yaradıcısı olaraq Durovun yaratdığı sosial şəbəkənin mexanizmləri və işləmə qaydaları ilə bağlı prinsiplərini müəyyənləşdirmək hüququ var. Onun hər hansı formada Fransa və qərbin hansısa hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək kimi öhdəliyi yoxdur. Digər vaxtlar başqa ölkələrin söz azadlığından, mediadakı çoxfunksiyalılıqdan danışan Avropa paytaxtları başda Paris olmaq üzrə bu prinsipləri açıq formada tapdalamaqla məşğuldurlar. Bəli,Teleqramda bır sıra məqamlar narahatedicidir. Amma istənilən halda ona görə Teleqram rəhbəri məsuliyyət daşımır. Biz digər sosial şəbəkələrdə də belə hallara rast gəlmişik. Lakin onların bu səbəbdən həbsinin şahidi olmamışıq. İstənilən halda bu Fransanın Rusiyaya qarşı növbəti demarşıdır."
Politoloq Tural İsmayılov bildirib ki, Pavel Durovun Fransada həbsi insan hüquqları və söz azadlığı məsələlərinə ciddi təsir edə bilər.
"Dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına sakit qalması təəccüblüdür. Bunun bir adı var ikili standartlar. Əgər demokratiya dəyərlərinə hörmət Qərb tərəfindən meyar kimi müəyyən edilibsə, onda X və Meta rəhbərliyi də həbs edilməlidir. Çünki bu platformalarda da bəzən narahatedici məqamlar olur. Durovun Fransada həbsi ondan xəbər verir ki, qərb söz və ifadə azadlığından qorxur, sosial şəbəkələri tam nəzarətə ala bilmədiyindən narahat olur."