...

Azərbaycanda parlament seçkiləri şəffaf şəkildə keçdi - Mərakeş parlamenti (FOTO)

Siyasət Materials 2 Sentyabr 2024 12:37 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri şəffaf şəkildə keçdi - Mərakeş parlamenti (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda parlament seçkiləri şəffaf şəkildə baş tutdu.

Trend xəbər verir ki, bunu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Mərakeş parlamentinin Nümayəndələr Palatasının sədrinin birinci müavini Mohammed Sabbari deyib.

“Azərbaycan və Mərakeş arasında münasibətlər dostluq və qardaşlıq əsasında qurulub. Bütün sahələrdə iki ölkə arasında inkişaf davam edir. Parlament seçkilərinə müşahidə etmək bizim üçün şərəf idi. Biz Mərakeş nümayəndələri olaraq bir sıra məntəqələrdə olduq, prosesi müşahidə etdik, seçkilər çox şəffaf şəkildə baş tutdu”, - deyə o bildirib.

Onun sözlərinə görə, seçkilərin uğurlu olması üçün bütün qaydalara əməl edilmişdi.

“Seçicilərin adları ciddi şəkildə yoxlanılırdı, səsvermə prosesinə nəzarət edilirdi. Bütün məntəqələrdə namizədlərin nümayəndələrinə də şərait yaradılmışdı. Onlarla danışdıq, nümayəndələr də bütün prosesdən razı idi. Bu demokratik bayram münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan tarixində bu seçkiləri fərqli edən bir məqam da var idi. Bu, seçkilərin bütün Azərbaycan ərazisində, azad olunmuş Qarabağda da keçirilməsi idi. Bununla bağlı Azərbaycan xalqını təbrik edirəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.

Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti