...

Avropa Parlamenti müxtəlif dairələrin əlində siyasi təzyiq vasitəsinə çevrilib - Deputat

Siyasət Materials 24 Oktyabr 2024 17:00 (UTC +04:00)
Avropa Parlamenti müxtəlif dairələrin əlində siyasi təzyiq vasitəsinə çevrilib - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib, əsassız fikirlər səsləndirib. Bu günlərdə Avropa Parlamentində keçirilən müzakirələr zamanı növbəti dəfə ölkəmizə qarşı qərəzli mövqeyin nümayiş etdirilməsi siyasi simasızlığın və riyakarlığın təzahürüdür.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ölkəmizə qarşı bu cür qarayaxma kampaniyasının aparılması Avropa Parlamentinin hansısa dairələrin, xüsusilə erməni lobbisinin maraqlarına xidmət etdiyini göstərir.

“Bu bir daha Avropa Parlamentinin öz fəaliyyət çərçivəsindən kənara çıxdığını, müxtəlif dairələrin əlində bir alətə çevrildiyini göstərir. Azərbaycan COP29 kimi mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır və bu istiqamətdə böyük işlər görür. Bu tədbirə ev sahibliyi etməklə Azərbaycan bütün dünyanı ciddi şəkildə narahat edən problemlərin həlli istiqamətində böyük töhfə vermiş olur.

Belə olan halda Avropa Parlamenti beynəlxalq təşkilat olaraq Azərbaycana dəstək göstərməli, ölkəmizin bu istiqamətdə fəaliyyətinə yüksək qiymət verməlidir. Lakin əfsuslar olsun ki, Avropa Parlamenti beynəlxalq təşkilatdan daha çox müxtəlif dairələrin əlində siyasi təzyiq vasitəsinə çevrilib”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, Azərbaycan hər zaman müstəqil siyasət aparıb və heç kimin diqtəsi ilə fəaliyyət göstərməyib.

“Azərbaycan müstəqil və prinsipal siyasətini həzm edə bilməyən dairələr Avropa Parlamentidən istifadə edərək ölkəmizə təzyiq göstərməyə çalışırlar və COP29 ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyasını daha da gücləndiriblər. Əlbəttə ki, hər zaman olduğu kimi bu kampaniya da iflasa uğrayacaq”, - deyə deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti