Bakı. Trend:
Bakı Fond Birjası (BFB) səhmlərin artıq məsafədən ticarətinə başlanıldığını açıqlayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq BFB-dən bildirilib.
Məlumata görə, hazırda ABB səhmləri məsafədən ticarət ilə təkrar bazarda ticarət olunmaqdadır: “Birja ticarət sistemi üzərindən investorların məsafədən ticarətinə imkan verən kənar tətbiqlərin qoşulması üçün API xidməti Birja tərəfindən üzvləri ilə paylaşılmışdır. Hazırda ABB səhmləri məsafədən ticarət ilə təkrar bazarda ticarət olunmaqdadır. Belə ki, 9 oktyabr 2024-cü il tarixində məsafədən ticarəti mümkün olan ABB səhmlərinin 10 iş günü ərzində bir milyon manatdan çox təkrar bazar ticarəti birjada baş tutmuşdur”.
“Müqayisə üçün deyə bilərik ki, 01.01.2024-01.09.2024 tarixləri arasında (8 ay ərzində) ümumilikdə 263 min manat ABB səhmlərinin təkrar bazar ticarəti baş tutmuşdur. Statistikadan görə bilərik ki, məsafədən ticarətə icazə səhm bazarının likvidliyinin artırılmasında mühüm rol oynamaqdadır”, - məlumatda qeyd olunub.