...

2024-cü il Azərbaycanın tarixində növbəti uğurlu mərhələ oldu

Siyasət Materials 30 Dekabr 2024 09:20 (UTC +04:00)
2024-cü il Azərbaycanın tarixində növbəti uğurlu mərhələ oldu

Bakı. Trend:

Başa çatmaqda olan 2024-cü il Azərbaycan üçün mühüm siyasi-ictimai və iqtisadi uğurlarla əlamətdardır. Nəzər yetirəndə görürük ki, bu il ərzində respublikamız özünün milli maraqlarını inamla təmin edib, qarşıda dayanan bütün vəzifələr yerinə yetirilib.

Bu ilin ən böyük siyasi hadisəsi fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkiləridir. Bu seçki xalqımızın Ulu Öndər Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyev siyasi kursuna sədaqətinin növbəti təsdiqi oldu. Ölkə vətəndaşları Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən siyasi kursun ətrafında bir daha səfərbər olaraq, indiyədək əldə edilmiş nailiyyətlərin yeni inkişaf mərhələsində də davam etdirilməsinə səs verdilər. Eyni zamanda seçkinin nəticəsi vətəndaşlarımızın torpaqlarımızı işğaldan azad olunmasını, ərazi bütövlüyümüzü təmin edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığının ifadəsinə çevrildi.

2024-cü il Azərbaycanda həm də parlament seçkiləri ili kimi yadda qaldı. Sentyabrın 1-də keçirilən VII çağırış Milli Məclisə növbədənkənar seçkilərin də nəticələri birmənalı olaraq Prezident İlham Əliyevin zəfərlərə yol açan uğurlu və məqsədyönlü siyasətinə xalqımızın inam və etimadını bir daha nümayiş etdirdi. Bir daha göründü ki, xalqımız öz siyasi mövqeyi ilə Azərbaycana yüksəliş gətirən, ərazi bütövlüyümüzü bərpa edən siyasi kursun ətrafında səfərbərdir.

Bir məsələni də xüsusilə qeyd etməliyik ki, müstəqillik illərində ilk dəfə olaraq 2024-cü ildə seçkilər zamanı Qarabağ və Şərqi Zəngəzurda da səsvermə keçirildi.

Başa çatmaqda olan il Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra Azərbaycanın yaratdığı reallıqların daha da möhkəmlənməsi, bu istiqamətdə respublikamızın milli maraqlarının qətiyyətlə qorunması ilə əlamətdardır. Bu sahədə 2024-cü ilin mühüm siyasi və eyni zamanda diplomatik hadisəsi Rusiya sülhməramlı kontingentinin respublikamızın ərazilərini tam tərk etməsidir. Məlum olduğu kimi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən bir vaxtlar erməni separatçıların mövcud olduğu Qarabağda Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilmişdi. Bəyanata əsasən sülhməramlı kontingentinin qalma müddəti 5 il idi. Ötən ilin sentyabr ayında isə Azərbaycan dövlətinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticəsində Qarabağdakı erməni separatçılarının mövcudluğuna son qoyulub, bütün ərazilərimiz üzərində milli suverenliyimiz təmin edilib. Qarabağdakı ermənilər isə ölkəmizi könüllü şəkildə tərk etdilər və buna görə də Rusiya sülhməramlılarının öz missiyalarını davam etdirmələrinə ehtiyac qalmamışdı.

Beləliklə, Vətən müharibəsinin başa çatdığı günlərdə Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları ölkəmizi 1 il tez – 2024-cü ildə tərk etdilər. Bu hadisə sülhməramlıların guya Qarabağı tərk etməyəcəkləri barədə bəzi qaragüruhçu dairələrin səsləndirdiyi cəfəng “proqnozlar”ın və iddiaların nə qədər əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübuta yetirdi.

Respublikamızın milli maraqlarının təmin edilməsi baxımından 2024-cü ilin başqa bir mühüm hadisəsi Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad edilməsidir. Bu kəndlər ötən əsrin 90-cı illərinin əvvəllərindən işğal altında idi. Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı. Ötən müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, kəndlərin azad edilməsi istiqamətdə ardıcıl iş aparıldı. Onu da xatırladım ki, Prezident İlham Əliyev hələ bu ilin yanvar ayında yerli televiziya kanallarına müsahibəsində bununla bağlı bildirmişdi ki anklav olmayan dörd kənd qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Beləliklə, 2024-cü ilin aprel ayında bu kəndlərin Azərbaycana qaytarılması təmin edildi. Bu, ölkəmizin ərazi bütövlüyü məsələsi ilə bağlı Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığımız qələbələrin davamı kimi tarixə düşdü. Bu kəndlərin azad olması Azərbaycanın daha bir siyasi zəfəri, Prezident İlham Əliyevin növbəti mühüm diplomatik uğuru oldu.

2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülhə nail olunması, habelə dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı proseslər də respublikamızın maraqları çərçivəsində davam etdirilib. Məhz bu il iki dövlət arasında sərhədin 13 kilometrə qədər hissəsi dəqiqləşdirilib.

Bu il respublikamız qlobal masştablı siyasi-diplomatik uğurlara da imza atdı. Bunlardan biri Bakı şəhərinin COP29-a evsahibliyi etməsi oldu. Noyabr ayında keçirilən bu beynəlxalq tədbirdə iştirak etmək üçün respublikamıza 80 dövlət və hökumət başçısı gəldi. Bu, həm Prezident İlham Əliyevə, həm də Azərbaycana olan hörmətdən, ehtiramdan xəbər verdi. Qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı COP29-da iştirak etdi. 12 gün davam edən COP29 iqlim dəyişiklikləri ilə mübarizə sahəsində bir sıra vacib razılaşmaların əldə olunması, dövlətlər və şirkətlər arasında müxtəlif sazişlərin bağlanması ilə yadda qaldı. Əldə olunan müsbət nəticələr həm də respubilkamızın COP29-a sədrliyinin nailiyyətləri oldu.

Azərbaycanın başqa bir qlobal uğuru dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində keçirilən İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı bu təşkilatın üzvü seçilməsidir. D-8 təşkilatına üzvlük Azərbaycan üçün perspektivdə çox böyük strateji və iqtisadi imkanlar yaradır, ticarət dövriyyəmizin daha da genişləndirilməsi baxımından mühüm önəm daşıyır. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda qeyd edildiyi kimi Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcək.

Hazırda Azərbaycanın əsas milli hədəfi işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri qrafik üzrə davam etdirildi. İl ərzində ilk dəfə olaraq keçmiş məcburi köçkünlərin Xocalı və Şuşa şəhərlərinə, Xocalı rayonunun Ballıca, Laçın rayounun Sus kəndlərinə qayıdışı təmin olundu. Artıq işğaldan azad edilmiş rayonlara 10 min nəfərdən artıq vətəndaşımız qayıdıb və bu proses növbəti ildə də uğurla davam etdiriləcək.

Böyük məmnunluqla qeyd etməliyik ki, respublikamız 2024-cü ili iqtisadi sahədə də nailiyyətlərlə başa vurur. Bu ilin 11 ayı ərzində iqtisadi artım 4,1%-dən çox olmuş, o cümlədən qeyri-neft sektorumuz 6.4% artmışdır. Strateji valyuta ehtiyatlarımız 72 milyard ABŞ dollarını ötmüşdür. Bütün bunlar göstərir ki, respublikamızda düşünülmüş və effektiv iqtisadi siyasət kursu həyata keçirilir.

Göründüyü kimi il Azərbaycan üçün mühüm siyasi, diplomatik və iqtisadi nailiyyətlərlə başa çatır. Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi olaraq 2024-cü il tariximizə inkişaf və yüksəliş ili kimi qovuşur. Əldə edilmiş uğurlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” elan etdiyi 2025-ci ildə də Azərbaycanı yeni nailiyyətlər gözləyir.

Xanlar FƏTİYEV

Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti