Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkianın Cənubi Qafqazın ən önəmli ölkəsi olan Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir.
Bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.
Onun sözlərinə görə, İran prezidenti Cənubi Qafqaza ilk səfərində Azərbaycanı seçməsi İran üçün Azərbaycanın əhəmiyyətli olduğunu göstərir.
Pakayin bildirib ki, bu səfər çərçivəsində iki ölkə arasında iqtisadiyyat, mədəniyyət, nəqliyyat və digər sahələrdə yaxın əməkdaşlıq münasibətləri inkişaf etdirilə bilər.
“Qarabağın işğaldan azad edilməsi ilə Cənubi Qafqazda sülhün bərpa olunmasından sonra İran prezidentinin bu səfəri Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq perspektivini yaratmaq üçün şərait yaranıb. İran Cənubi Qafqazda sülh və təhlükəsizliyin, ölkələrin ərazi bütövlüyü, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib.
İki ölkə arasında bir çox tarixi, mədəni və digər sahələrdə möhkəm bağlar vardır. Bu da gələcəkdə iki ölkənin bir-biri üçün çox yaxşı şərik olmasına şərait yarada bilər.
Son həftələr ərzində iki ölkə rəsmiləri arasında qarşılıqlı səfərlər və müxtəlif iclasların keçirilməsi bir daha göstərdi ki, İran və Azərbaycan arasında enerji, nəqliyyat, yükdaşıma, turizm, ticarət, kənd təsərrüfatı, bank və digər sahələrdə əməkdaşlıq edə bilərlər”, - deyə o bildirib.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 28 apreldə Azərbaycana səfər edəcək.