Bakı. Trend:
Azərbaycan Respublikasının sədrlik etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) rəsmi mətbuat orqanı olan “Voice of Asia: CICA Digest” jurnalının 2025-ci il üzrə ilk buraxılışı dərc olunub.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Buraxılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AQEM Sədrliyi çərçivəsində strateji prioritetlərə dair baxışı geniş işıqlandırılıb. Azərbaycan Respublikasının Prezidenti tərəfindən pan-Asiya dialoqunun təşviqi, institusional innovasiya və davamlı regional inkişaf kimi istiqamətlər üzrə əsas strateji hədəflər jurnalda öz əksini tapıb. Bu strateji çərçivədən irəli gələrək, rəqəmsal inkişaf, mədəniyyətlərarası dialoq, ətraf mühitin qorunması,gənclərin fəal iştirakı və post-münaqişə dövründə minatəmizləmənin bərpa və sabitlik üçün vacib istiqamət kimi əhəmiyyəti vurğulanır.
Xarici işlər naziri Ceyhun Bayramov nəşrin giriş sözündə Azərbaycanın AQEM-in institusional inkişafı və beynəlxalq təşkilata çevrilməsi istiqamətində təşəbbüslərini, o cümlədən “Daha güclü AQEM: Asiyada Əlaqəlilik, Rəqəmsallaşma və Davamlı İnkişaf” mövzusuna əsaslanan strateji prioritetlərini qeyd edib.
Buraxılışda, həmçinin AQEM-in elm və təhsil sahəsində təşəbbüsü olan Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin (PNLU) Koordinasiya Şurasının ilk iclası barədə də məlumat verilir. Qeyd olunur ki, ADA Universitetinin sədrlik etdiyi bu yeni platforma çərçivəsində gənclərin və elmi dairələrin əməkdaşlığının gücləndirilməsi hədəflənib.
Azərbaycanın Sədrliyi çərçivəsində AQEM Biznes Şurası İdarə Heyətinin 2025-ci il üzrə keçirilmiş ilk iclasına da yer ayrılıb. Bildirilir ki, iclasda AQEM Biznes Şurasının iclası, Biznes Forumu və kiçik və orta biznes (KOB) məhsullarından ibarət sərgi barədə məsələlər müzakirə edilib, eləcə də KOB-un inkişafı, qadınların iqtisadi fəallığı və yaşıl iqtisadiyyata keçid mövzuları diqqət mərkəzində olub.
Buraxılışda həmçinin Bakıda keçirilmiş AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin ilk iclası barədə də geniş məlumat verilir. Bu iclasda Azərbaycan Sədrliyinin prioritetləri üzv dövlətlər tərəfindən dəstəklənmiş, 2025-ci il üzrə AQEM-in Beyin Mərkəzləri Forumunun Fəaliyyət Planı qəbul edilmiş, AQEM Qadınlar Şurasının və ikinci Baş katib müavini vəzifəsinin təsis olunması təşəbbüsləri irəli sürülmüşdür.
Jurnalda həmçinin Astana şəhərində AQEM üzv dövlətlərinin səfirləri ilə keçirilmiş görüş barədə məlumat verilir. Görüş zamanı Azərbaycanın Sədrliyinin əsas hədəfləri – təşkilatın beynəlxalq hüquqi statusunun gücləndirilməsi, AQEM Nizamnaməsinin qəbuluna hazırlıq və institusional inkişaf məsələləri təqdim olunub.
Jurnalın üz qabığında isə ölkəmizin turizm potensialının təşviqi ilə bağlı məlumat öz əksini tapır.
Jurnal ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: