...

AMEA və “Azərenerji” ASC arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Cəmiyyət Materials 22 May 2025 22:32 (UTC +04:00)
AMEA və “Azərenerji” ASC arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı. Trend:

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti iclası keçirilib.

Trend xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda baş tutan iclasda FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, bölmənin əhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorları, eləcə də “Azərenerji” ASC-nin məsul şəxsləri və müvafiq mütəxəssisləri işti­rak ediblər.

Əvvəlcə FRTEB üzvləri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi, Tədris mərkəzi, Laboratoriya mərkəzi və 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə “Azərenerji” ASC prezidentinin ümumi işlər üzrə müşaviri Vüqar Əliyev açaraq FRTEB üzvlərini, alim və mütəxəssisləri, eləcə də digər iclas iştirakçılarını qurumun prezidenti Baba Rzayevin adından salamlayıb, tədbiri elmlə istehsalat arasında qarşılıqlı əlaqənin və səmərəli əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib.

O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə energetika sahəsində həyata keçirilən mühüm islahatlardan, strateji tədbirlərdən danışıb. Bildirib ki, bu gün elektroenergetika sektoru Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı inkişaf edir və özünün yeni yüksəliş mərhələsini yaşayır. Vüqar Əliyev tədbirdə müzakirə olunacaq mövzuların əhəmiyyətini qeyd edərək, FRTEB-in toplantısının “Azərenerji” ASC-də keçirilməsinin birgə əməkdaşlığın inkişafı baxımından xüsusi məna kəsb etdiyini deyib.

Sonra AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri akademik Rasim Əli­quliyev çıxış edərək AMEA ilə “Azərenerji” ASC arasında əməkdaşlıq əlaqələrinin qurulmasını yüksək qiymətləndirib. O, bu kimi münasibətlərin Azərbaycanın elektroenerji sisteminin idarə olunmasında praktiki və tətbiq yönümlü məsələlərin həlli üçün geniş imkanlar açacağına inamını ifadə edib.

Müasir dövrdə baş verən qlobal transformasiyalara diqqət çəkən akademik Rasim Əliquliyev dünya miqyasında rəqəmsal və yaşıl transformasiyalar, yaşıl enerji siyasəti və enerji təhlükəsizliyi məsələlərinin strateji önəm daşıdığını vurğulayıb. Qeyd edib ki, bütün bu reallıqları nəzərə alaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə enerji təhlükəsizliyinin təmin olunması, alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, ənənəvi enerji sistemlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

Akademik Rasim Əliquliyev ölkəmizdə qlobal çağırışlara adekvat olaraq yürüdülən dövlət siyasətinin mühüm tərkib hissələrindən birinin də dövlət başçısının cari il martın 19-da imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” olduğunu, bu strategiyanın həyata keçirilməsinin elmi potensialın enerji sektoruna tətbiqini də zəruri etdiyini bildirib.

“Bu gün bütün alim və mütəxəssislər, müvafiq dövlət orqanlarının məsul nümayəndələri ölkə başçısının çağırışlarını rəhbər tutaraq öz səylərini birləşdirməli, Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində rolunun gücləndirilməsi istiqamətində qarşıda duran problemləri müəyyənləşdirməli və ölkənin enerji siyasətinə töhfə verməlidir”, – deyə akademik Rasim Əliquliyev vurğulayıb.

Daha sonra AMEA-nın akademik-katibi, ETN Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov “Azərbaycan Respublikaının enerji təhlükəsizliyinin təmin olunmasının aktual elmi-praktiki problemləri və həlli yolları haqqında” adlı məruzəsini təqdim edib. O, XXI əsrdə enerji təhlükəsizliyi anlayışının daha əhatəli məna kəsb etdiyini söyləyərək bildirib ki, enerji təhlükəsizliyinin məqsədi fərdin, cəmiyyətin və dövlətin enerji resurslarının etibarlı qorunmasını təmin etməkdən ibarətdir.

Akademik Arif Həşimov Nobel mükafatı laureatı P.L.Kapitsanın “bəşəriyyətin gələcəyi onun özünü enerji ilə necə təmin edəcəyindən asılıdır” fikirlərini xatırladaraq, enerjidən istifadənin bəşəriyyətin mövcudluğunun əsas şərti olduğunu qeyd edib.

“Beynəlxalq Enerji Agentliyi enerji təhlükəsizliyini əlverişli qiymətlərlə enerji mənbələrinin fasiləsiz mövcudluğu kimi müəyyən edir”, – deyə akademik Arif Həşimov vurğulayıb. O, həmçinin enerji təhlükəsizliyinin uzunmüddətli və qısamüddətli istiqamətləri haqqında məlumat verib. Bildirib ki, uzunmüddətli enerji təhlükəsizliyi əsasən iqtisadi inkişaf və davamlı ekoloji ehtiyacı enerji baxımından təmin etmək üçün investisiya ilə məşğul olur. Qısamüddətli enerji təhlükəsizliyi isə enerji sisteminin tələbat və tələb balansı daxilində ani dəyişikliklərə dərhal reksiya verməsinə imkan verir.

Məruzəçi son illər istehsal və eneji sərfiyyatı da daxil olmaqla, enerjiyə olan ehtiyacın azaldılması və məhsuldarlığın artırılması məsələlərinin böyük aktuallıq kəsb etdiyini qeyd edərək, alternativ enerji resurslarının ortaya çıxarılması və texnologiyaların inkişaf etdirilməsinin də bununla əlaqədar olduğunu bildirib.

AMEA-nın müşaviri akademik Adil Qəribov “Qlobal ekoloji problemlər kontekstində energetikanın durumu və perspektivləri” mövzusunda məruzə ilə çıxış edərək vurğulayıb ki, hazırda ölkələrin inkişaf səviyyəsinin göstərici faktorlarının əsaslarından biri adambaşına düşən enerji istehlakı qiymətidir. Onun sözlərinə görə, ötən dövrdə elektroenerji istehsalında karbon və karbohidrogen mənşəli enerji mənbələri üstünlük təşkil edib.

Akademik Adil Qəribov atmosferdə CO2-nin qatılığının son 150 ildə dəyişmə kinetikası, CO2-in atmosferdə mövcud miqdarının təbii mənbələri, atmosferdə olan CO2-nin sərf olunması prosesləri, karbonsuz alternativ enerji qurğularında alınan elektrik enerjisinin qiymətləri, Azərbaycanda əsas enerji mənbələri və onların ehtiyatları haqqında məlumatları diqqətə çatdırıb.

Çıxışının sonunda o, Azərbaycanda nüvə energetikasının əsaslandırılması istiqamətində bir sıra təkliflərini səsləndirib: “Atom Elektrik Stansiyaları daha iqtisadi səmərəliliyə malik olub, gələcəkdə bazis enerji mənbəyi kimi istifadəsi məqsədəuyğundur. Atom Elektrik Stansiyasının güc parametrləri respublikamızın energetikləri tərəfindən ölkənin enerji istehlakı, təchizatı və nəqli sisteminin analizi əsasında seçilə bilər”.

Daha sonra “AzərEnerji” ASC-nin vitse-prezidentin birinci müavini Yusif Qarayev “Azərbaycan enerji sistemi 2025 – İcra edilmiş layihələr” mövzusunda məruzəsini təqdim edib. O, “AzərEnerji” ASC-nin fəaliyyət istiqamətləri haqqında məlumat verərək bildirib ki, elektroenergetikamızın bugünkü səviyyəyə çatması, müasir texniki avadanlıqlarla təchiz olunaraq rəqəmsallaşdırılması, alternativ və bərpa olunan enerjinin prioritet sahəyə çevrilməsi, yeni elektrik stansiyalarının inşa olunması, yüzlərlə yarımstansiyanın tikilərək yenidən qurulması, min kilometrlərlə müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi və digər bu kimi məsələlər Prezident İlham Əliyevin davamlı enerji strategiyasının həyata keçirilməsinin təzahürüdür.

Yeni müasir qaz-turbin elektrik stansiyalarının tikintisi və enerji səmərəliliyindən bəhs edən məruzəçi bildirib ki, dövlət başçısının iştirakı ilə 2023-cü ildə Gülüstan sarayında təməli qoyulmuş 1280 MVt gücündə Yeni İstilik Elektrik Stansiyasının Mingəçevir şəhərində tikintisi uğurla yekunlaşıb: “Yeni tikilən elektrik stansiyasının səmərəliliyi nəticəsində şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə 120 qram azalmaqla 225 qram təşkil edib. Bununla da illik 1 milyard m3 qaza qənaət olunub, 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb”.

Yusif Qarayev yeni müasir qaz-turbin elektrik stansiyalarının tikintisi və dayanıqlığının artırılması, ötürücü şəbəkə infrastrukturunun 2018 və 2024-cü illər arasındakı müqayisəsi, yarımstansiyalar üzrə güc artımı ilə bağlı statistik rəqəmləri də diqqətə çatdırıb. Həmçinin mövcud və inteqrasiyası planlaşdırılan bərpa olunan enerji mərkəzləri layihələri, Batareya Enerji Saxlanc Sistemləri (BESS), geniş sahəli monitorinq və idarəetmə sistemləri olan WAMS və WACS, onların əhatə etdiyi enerji obyektləri, Naxçıvan MR-nın enerjisistemi (Naxçıvanenerji MMC), cari il ərzində icra olunacaq reabilitasiya tədbirləri barədə ətraflı məlumat verib.

Müzakirələrdə çıxış edən AMEA-nın müşaviri akademik Telman Əliyev, Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov, Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üz­vü İslam Mustafayev, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, həmin institutun şöbə müdiri AMEA-nın müxbir üzvü Məsumə Məmmədova, Fizika İnstitutunun laboratoriya rəhbəri AMEA-nın müxbir üzvü Vəli Hüseynov, “AzərEnerji” ASC-nin İstehsal prosesinin analizi xidmətinin rəhbəri Bəxtiyar Məmmədov, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini Aytək Babayeva, həmin institutun Enerji sistemi etibarlılığı və ifrat gərginlikdən mühafizə şöbəsinin aparıcı elmi işçisi k.e.d. Valeh Nəsibov məruzələrə dair sual və təkliflərini səsləndiriblər.

Sonda akademik Rasim Əliquliyev çıxış edərək “Azərenerji” ASC-nin fəaliyyətini və burada həyata keçirilən layihələri yüksək qiymətləndirib, tədbirin mühüm nəticələrlə yadda qalacağına əminliyini ifadə edib. Alim “Azərenerji” ASC ilə AMEA arasında əməkdaşlığın sistemli, ardıcıl şəkildə davam etdirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması məqsədilə Yol xəritəsi və Fəaliyyət planının hazırlanmasının zəruriliyini qeyd edib.

O, alim və ziyalıları enerji sahəsində mövcud problemlərin həlli istiqamətində fəallıq nümayiş etdirməyə, öz intellektual potensiallarını, fikir və təkliflərini bölüşməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti