Bakı. Trend:
Azərbaycanın Uruqvay Şərq Respublikasındakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə Montevideo şəhərində Azərbaycan Respublikasının Müstəqillik Günü, həmçinin Azərbaycan və Uruqvay arasında diplomatik əlaqələrin qurulmasının otuzuncu ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Uruqvay Şərq Respublikasındakı diplomatik nümayəndəliyi məlumat yayıb.
Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Səfir R.Teymurov Azərbaycan Demokratik Respublikasının yaranma tarixi və süqutu barədə məlumat verib, Azərbaycan xalqının azadlıq və öz müqəddəratını təyin etmək uğrunda apardığı mübarizədən bəhs edib.
R.Teymurov, 1993-cü ilin ortalarında – xalqın çağırışı ilə Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyini öz üzərinə götürməsi və müdrik siyasəti nəticəsində Azərbaycanın, postsovet dönəminin çətinliklərini arxada qoyduğunu və ölkəmizi fərqləndirən mühüm nailiyyətlərə imza atmasına səbəb olduğunu qonaqların diqqətinə çatdırıb.
Bununla yanaşı R.Teymurov Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın, Qafqazda və dünyada ən sürətli inkişaf edən ölkələrdən birinə çevrildiyini, yeni regional iqtisadi model formalaşdırdığını və Avropa ilə Asiya arasında siyasi-iqtisadi münasibətlərin genişlənməsinə töhfə verdiyini vurğulayıb.
Daha sonra qonaqlara Azərbaycan - Ermənistan normallaşma prosesi, Qarabağ regionunun bərpası, eyni zamanda AR-UŞR arasında ticarət dövriyyəsi barədə ətraflı məlumat verilib.
Rəsmi qəbulun sonunda qonaqlara ölkəmizin tarixini, mədəniyyətini, iqtisadi nailiyyətlərini özündə əks etdirən kitablar, eləcə də dahi Azərbaycan şairləri Nizami Gəncəvi və İmadəddin Nəsiminin əsərləri və bir sıra bröşürlər hədiyyə edilmişdir.