...

Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq: TDT Zirvə görüşündə güclənən əməkdaşlıq

Siyasət Materials 22 May 2025 14:41 (UTC +04:00)
Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq: TDT Zirvə görüşündə güclənən əməkdaşlıq
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Prezident İlham Əliyevin Macarıstana səfərinin əsas səbəbi Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə keçirilən Zirvə görüşündə iştirakı idi.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Onun sözlərinə görə, Macarıstan və Azərbaycan iki dost, strateji tərəfdaşlığa malik ölkələrdir:

“Macarıstanla münasibətlərimiz ən yüksək səviyyədə qurulub. İqtisadi, siyasi, humanitar sahələr üzrə əməkdaşlıq edirik. Eyni zamanda parlamentlər arası münasibətlər çox yüksək səviyyədədir. Kifayət qədər Macarıstanlı həmkarlarımız Azərbaycana səfərlər edir. Elə bir məsələ yoxdur ki, bizim ümumi maraqlarımız üst-üstə düşməsin. Demək olar ki, Macarıstan Azərbaycanın, eyni zamanda TDT-nin Avropada bir dayağıdır, istinad nöqtəsidir. Düzdür, Macarıstan TDT-yə tam hüquqlu üzv kimi qəbul olunmayıb, müşahidəçi statusuna malikdir. Buna baxmayaraq, ilk dəfə TDT-nin sammiti Budapeştdə keçirilir. Bu da TDT-nin Macarıstana verdiyi qiymətin göstəricisidir. Macarıstanla Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində kifayət qədər əməkdaşlıq mövcuddur. Bu əsasən neft-qaz sahəsini əhatə edir. Macarıstanın şirkətləri bizim Azəri Çıraq, Günəşli və Şahdəniz yataqlarında pay sahibinə malikdirlər. Azərbaycanda Macarıstan şirkətlərinin payının artırılması ilə bağlı artıq razılığa gəlinib. Digər bir məsələ yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji sahəsində Azərbaycan hökuməti kifayət qədər intensiv siyasət aparır. Yaxın 5 il ərzində 6 min kilovatlıq yaşıl enerji istehsalı gözlənilir. Bu da təbii ki, Avropaya istiqamətləndiriləcək.Eyni zamanda 3-4 milyard kub metr təbii qaza qənaət olunması ilə nəticələnəcək”.

N.Məhəməliyev qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində, sülh müqaviləsinin imzalanması prosesində Prezident İlham Əliyev bir daha mövqeyini ortaya qoyd.

"Dövlət başçısı qəti şəkildə bildirdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasının əsas təşəbbüskarı qalib tərəf olmağımıza baxmayaraq, bizik. Bunun üçün 2 şərt var, birinci Ermənistan konstitusiyasında dəyişiklik etməlidir, Azərbaycana və digər qonşu ölkələrə, o cümlədən Türkiyəyə qarşı olan ərazi iddialarını özündə ehtiva edən maddələr çıxarılmalıdır. İkinci şərt isə ATƏT-in Minsk Qrupunun rəsmən buraxılmasıdır. Hesab edirəm ki, Ermənistan və arxasında duran qüvvələr üçün kifayət qədər ciddi mesaj oldu ki, Azərbaycan öz tələblərindən geri çəkilməyəcək. Nə qədər ki, bu şərtlər yerinə yetirilməyəcək, bölgədə dayanıqlı sülhün təminatından söhbət gedə bilməz”.

Millət vəkili bildirib ki, digər bir vacib məsələ isə TDT tərəfindən qəbul olunmuş Budapeşt bəyannaməsidir.

“Bu bəyannamədə Şimali Kipr Türk Respublikasının müşahidəçi qismindəki töhfələri qeyd olunur. Kipr məsələsinin danışıqlar yolu ilə qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olmasının zəruriliyi qeyd edilir. Üzv dövlətlərin birliyi və həmrəyliyinin pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi vurğulanır. Hesab edirəm ki, bu çox önəmli məsələdir. Biz bu yaxınlarda Avropa və Mərkəzi Asiya ölkələrinin sammitində belə cəhdləri gördük. Mərkəzi Asiyadan olan qardaşlarımızın Avropa İttifaqının bir növ tələblərini icra etdiyinin şahidi olduq. Təbii ki, bu da türk həmrəyliyinin qarşısını almaq cəhdlərindən hesab olunur. Bu baxımdan dediyim maddə olduqca əhəmiyyətlidir. Burada Türkiyənin sabitləşdirici rolu dəstəklənir. Qəzzaya humanitar yardımların maneəsiz çatdırılmasının dəstəklənməsi bəyannamədə öz həllini tapdı. İsrail-Fələstin münaqişəsinin Birləşmiş Millətlər Təşkilatı qətnamələrinə uyğun olaraq iki dövlətli həllin zəruriliyi qeyd edildi. TDT Katibliyinin büdcəsinin əhəmiyyətli dərəcədə artırılması çox önəmli maddədir. İmkan vermək olmaz ki, imperialist qüvvələr təşkilatın ayrı-ayrı üzvlərini iqtisadi dəstək verib şirnikləndirməklə bizim birliyimizi pozsunlar. Eyni zamanda Novruz bayramının türk dünyasının ortaq bayramı kimi qeyd olunmasının qərara alınması da vacib məsələlərdəndir. Bütün bunlar Macarıstanda keçirilmiş Budapeşt Sammitinin müsbət nəticələridir. Budapeşt Sammitindən TDT-nin hər bir üzvü bəhrəsini gördü, bu gələcək fəaliyyətimiz üçün də möhkəm zəmin yaradır”, - o əlavə edib.

Politoloq Aqşin Kərimov isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakı və verdiyi bəyanatlar olduqca diqqətəlayiqdir:

"Prezident İlham Əliyev üçün TDT-nin əlaqələr dinamikasındakı sabitlik, sülh konfiqurasiyası önəm daşıyır. Bu məqsədlə Azərbaycan dövlət olaraq TDT üzvlərinin bütün sahələr üzrə institutisional əməkdaşlığına diqqət yetirir. Bu, Azərbaycanın TDT çərçivəsindəki iqtisadi, siyasi, mədəni, strateji təhlükəsizlik əməkdaşlığının əhəmiyyətli bir inkişafı təmsil etdiyini göstərir. Azərbaycan əməkdaşlığa yeni təkan verilməsinin əsasını özünün regional və beynəlxalq maraqları ilə kontekstləşdirir. Eyni zamanda TDT-nin gələcək strateji yerləşdirilməsində mühüm strateji siyasət yürüdür. Azərbaycanın həm Avropa İttifaqı, həm də Çinlə əlaqələrindəki yeni tendensiyalar Orta Dəhlizin əhəmiyyətində daha böyük mənalar yaradır".

O qeyd edib ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi hərbi əsaslı təhlükəsizliyin TDT daxilindəki funksionallığına böyük önəm verirlər.

"TDT çərçivəsindəki təhlükəsizlik və müdafiə tərəfdaşlıqları regional dizaynda yaranan təhdidlərə çevik reaksiyanı əks etdirən mövqeyə əsaslanır. Bu baxımdan, TDT iqtisadi-ticari potensialı ilə yanaşı, təhlükəsizlik sektorlarındakı əhəmiyyətinə görə də regional və beynəlxalq güclərin diqqətini cəlb edir. Nəticə olaraq, Prezident İlham Əliyevin Macarıstana səfəri TDT daxilindəki daha dərin əməkdaşlığın inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirir. Bu, TDT-nin özünü qlobal aktor kimi tanıtmasına hesablanmış strategiyanın bir hissəsidir”, - A.Kərimov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti