Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının mayın 21-də Budapeştdə keçən qeyri-rəsmi sammiti, lidelrərin sıradan bir toplantısı deyildi. O, TDT-nin yeni səviyyəyə yüksəlməkdə olduğunu, Azərbaycanın isə bu yüksəlişin əsas hərəkət verici qüvvəsi olduğunu təsdiqlədi.
Sammitdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın təşkilat çərçivəsində irəli sürdüyü prioritetləri aydın şəkildə ifadə etdi. Bu prioritetlərin başında dərin iqtisadi inteqrasiya, nəqliyyat əlaqəliliyi və ümumi infrastruktur mühitinin formalaşdırılması gəlir.
Zirvə toplantısında qəbul olunmuş Budapeşt Bəyannaməsi iştirakçı dövlətlər üçün konkret yol xəritəsinə çevrildi: ticarətin sadələşdirilməsi, gömrük prosedurlarının uyğunlaşdırılması və Trans-Xəzər marşrutlarının inkişafı. Bütün bunlar sadəcə söz deyil – bunların arxasında bu istiqamətdə illərlə aparılmış sistemli işlər dayanır ki, onların əksəriyyəti Azərbaycanın təşəbbüsləri ilə həyata keçirilib.
Son illərdə Azərbaycan nəqliyyat infrastrukturunun inkişafına aktiv şəkildə sərmayə yatırıb – avtomobil yolları, dəmir yolları tikilib və müasirləşdirilib, Ələt dəniz limanı, gəmiqayırma zavodu və hava limanları inşa olunub.
Bu sistemli işlərin nəticələri artıq nəzərə çarpır. Prezident İlham Əliyevin Budapeştdəki görüşdə haqlı olaraq qeyd etdiyi kimi, açıq dənizlərə çıxışı olmayan bir ölkə olaraq Azərbaycan bu gün Avrasiyanın əsas nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib.
Prezident İlham Əliyev vurğulayıb: “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir”. Dövlət başçısı bunu da əlavə edib: “Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir”.
Bakı ardıcıl şəkildə Avrasiya xəritəsində ölkəni əvəzolunmaz bir halqaya çevirən infrastruktur qurur. Müasir aviasiya infrastrukturu Azərbaycanın genişmiqyaslı yanaşmasının daha bir sübutudur. Hazırda Azərbaycanda səkkiz beynəlxalq hava limanı fəaliyyət göstərir, doqquzuncunun isə inşası tamamlanma mərhələsindədir.
Bakı Gəmiqayırma Zavodunda on yeni gəminin inşası davam edir və Xəzər dənizində Azərbaycanın ticarət donanması artıq 50-dən çox gəmidən ibarətdir. Ələt regionun həqiqi “dəniz qapısı”na çevrilməkdədir: yaxın vaxtlarda limanın yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Orta Dəhlizin əsas arteriyası sayılan – Azərbaycanın sərmayələri nəticəsində illik 5 milyon ton yük daşıma qabiliyyətinə malik olub.
Bütün bunlar daha geniş bir ideyanın tərkib hissəsidir: Orta Dəhlizi sadəcə nəqliyyat marşrutu deyil, yüksək texnologiyalı, rəqəmsal platformalara, sürətli sənəd dövriyyəsinə və sərhədsiz logistikaya malik türk dünyası magistralına çevirmək. Prezident İlham Əliyevin sözləri ilə desək: “Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir”.
Sammitin gündəmində enerji məsələləri xüsusi yer tuturdu. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev neft, qaz və uran tədarük zəncirlərinin şaxələndirilməsinin vacibliyini qeyd etdi və bu istiqamətdə Astanaya dəstək verdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Macarıstanın Baş naziri Viktor Orban da bu məsələyə biganə qalmadı: “Ötən il Macarıstanın ilk dəfə olaraq Azərbaycan qazı əldə etməsinə görə Azərbaycan prezidentinə təşəkkür etmək istəyirəm. Bundan başqa, biz iri macar şirkətlərinin Azərbaycanda enerji layihələrinə qoşulmaq imkanı əldə etdiklərinə görə minnətdarıq”, - Orban TDT-nin Budapeştdə keçən qeyri-rəsmi zirvə toplantısında bildirib.
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir, onlardan 10-u Avropa ölkələridir və 8-i Avropa İttifaqının üzvləridir. Avropa Komissiyası Azərbaycanı ümumavropa miqyasında etibarlı tərəfdaş və qaz təchizatçısı kimi tanıyır. Azərbaycanın ixrac coğrafiyası özü-özlüyündə çox şey deyir – Bakı qlobal enerji oyunçuları sırasında öz yerini möhkəmləndirir.
Azərbaycan TDT çərçivəsində əlaqələri sadəcə genişləndirmir, bunu sistemli şəkildə həyata keçirir – sərmayələr, birgə müəssisələr, iqtisadi alyanslar vasitəsilə. Azərbaycan tərəfindən TDT üzv ölkələrinin iqtisadiyyatlarına yatırılan sərmayələrin ümumi həcmi 20 milyard dollardan çoxdur.
Artıq bu il Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması gözlənilir ki, bu da TDT çərçivəsində əsas maliyyə mexanizmlərindən birinə çevrilə bilər. Bu sahədə də Azərbaycanın rolu həlledici olacaq, belə ki, ölkə təşəbbüsləri real modellərə çevirən katalizator qismində çıxış edir.
Yaxın zamanda Azərbaycan TDT-nin rəsmi sammitinə ev sahibliyi edəcək və bu tədbirə xüsusi diqqət yetirilir. Məhz burada türk dövlətləri arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanması gözlənilir – bu təşəbbüslə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğulayıb: “Bakıda sazişin imzalanması türk dünyasının birliyinin gücləndirilməsi yolunda mühüm addım olacaq”.
Azərbaycan üçün qarşıdakı Zirvə toplantısı ölkənin sadəcə TDT-nin iştirakçısı deyil, həm də onun strateji memarı olduğunu bir daha sübut etmək imkanı yaradır.
Budapeştdə keçirilən zirvə toplantısı həmçinin Macarıstanın TDT-də müşahidəçi ölkə və Aİ üzv dövləti kimi rolunu vurğulayır. Əslinə qalanda, Macarıstan Brüssel ilə Bakı, Avropa İttifaqı ilə türk dünyası arasında körpü rolunu oynayır.
“Əgər biz birləşmiş ərazi icmalarının potensialını nəzərə almadan yalnız Avropanın iqtisadi inkişaf potensialına güvənsək, Macarıstan iqtisadiyyatı böyük problemlərlə üzləşərdi", - Baş nazir qeyd edib. Bu etiraf TDT-nin əhəmiyyəti və Azərbaycanın Şərqlə Qərbin maraqlarını birləşdirməkdə oynadığı rol haqqında çox şey deyir.
Bakı yalnız türk dövlətləri ilə ikitərəfli münasibətləri inkişaf etdirmir. O, bölgədə yeni bir arxitektura formalaşdırır – öz enerji resursları, nəqliyyat infrastrukturu, rəqəmsal xidmətləri və investisiya institutları ilə.
Məhz belə genişmiqyaslı yanaşma, Azərbaycanı TDT-nin əvəzsiz iştirakçısına və təşkilatı yalnız regional deyil, həm də qlobal gücə döndərən əsas amilə çevirir.