...

"AZADLIQ" BLOKUNUN ÜZVLƏRİ BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN RƏİS MÜAVİNİ YAŞAR ƏLİYEVLƏ GÖRÜŞÜB

Siyasət Materials 9 İyul 2005 13:49 (UTC +04:00)

İyulun 9-da "Azadlıq" blokunun mitinq komitəsinin üzvləri ilə Bakı Şəhər baş Polis İdarəsində görüş keçirilib. Bu barədə Trend ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov məlumat verib.

Onun bildirdiyinə görə, "Azadlıq" blokuna daxil olan ADP, AXCP (islahatçılar) və Müsavat partiyalarının rəsmi nümayəndələri Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar.

Müsavat Partiyası başqanının müavini Arif Hacılı, AXCP sədrinin müavini Həsən Kərimov və ADP funksioneri Həsrət Rüstəmovla Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev arasında görüş keçirilib.

"Azadlıq" blokunun iyulun 10-da keçiriləcək yürüş-mitinq barədə müzakirələr aparılıb. Blok üzvləri akisyaya normal şərait yaradılmasını, polis əməkdaşları tərəfindən aksiyanın məhdudlaşdırılmamasını xahiş ediblər.

Partiya təmsilçiləri Yaşar Əliyevin diqqətinə çatdırılıb ki, "Azadlıq" blokunun bundan əvvəlki aksiyası zamanı polislər mitinqin keçirildiyi "Qələbə" meydanında insanları sıxışdırıb, məhdudiyyətlər yaradıblar.

Yaşar Əliyev isə aksiyanın təşkilatçılarına bildirib ki, 10 iyulda özü şəxsən meydanda olacaq və aksiyanı müşahidə edəcək. O, polis əməkdaşları tərəfindən aksiyanın məhdudlaşdırılması və digər qanun pozuntularına yol verilməyəcəyini deyib. Rəis müavini müvafiq təhlükəsizlik tədbirlərinin görüləcxəyinə və yürüş-mitinqə normal şərait yaradılacağına söz verib.

Y.Əliyev yalnız "Qələbə" meydanının ortasınada yerləşən yaşıllığın ətrafında və meydanın sol tərəfindəki yanacaqdoldurma məntəqəsinin yanında polis kardonlarının olacağını bildirib. O, təhlükəsizliyi qorumaq və aksiya keçirilən ərazilərə ziyan vurulmaması məqsədilə yerləşdirilən polis kardonları istisna olmaqla, aksiyaya kənar müdaxilələr edilməyəcəyini deyib.

Blok üzvləri də öz növbəsində aksiya təşkilatçılarının heç bir qanun pozuntusuna yol verilməməsinə nəzarət edəcəyiklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, iyulun 10-da saat 17.00-dan başlayaraq 19.00-dək metronun "20 Yanvar" stansiyasından "Qələbə" meydanınadək yürüş-mitinq keçiriləcək. Aksiyada 50-60 min adamın iştirakı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti