...

VƏKİLİ OLİSİYA ATLİNAYA BƏRAƏT VERİLMƏSİNİ TƏLƏB EDİR

Siyasət Materials 13 İyul 2005 17:32 (UTC +04:00)

Bu il martın 1-də Suraxanı rayonunda baş vermiş qətl hadisəsi ilə əlaqədar həbs olunmuş Olisiya Atlina iyulun 11-də Suraxanı rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

O.Atlinanın vəkili Aydın Kərimov Trend ə bildirib ki, məhkəmə onun barəsində həbs qətiimkan tədbirini dəyişdirib və valideynlərin nəzarətinə verilməsi tədbirini seçib, müttəhim qız məhkəmə zalından azad edilib.

Qeyd edək ki, Olisiya Atlina fevralın 18-dən martın 1-ə keçən gecə Suraxanı rayonu Hövsan qəsəbəsində qətlə yetirilmiş Alek Kazlovun ölümündə təqsirli bilinərək həbs olunmuşdu. Onun barəsində Cinayət Məcəlləsinin

32,120.2.1, 32,120.2.4 və 32,120.2.9-cu maddələri üzrə cinayət işi açılıb, xüsusi amansızlıqla adamöldürmə, qətlə təhriketmə və köməksiz vəziyyətdə olan adamın öldürülməsində iştirak etməkdə ittiham olunub. Faktla bağlı Suraxanı rayon prokurorluğunda istintaqa başlanılıb.

Lakin O.Atlinanın vəkili istintaqın qeyri-obyektiv aparıldığını əsas gətirərək işin bu rayondan alınmasını tələb edib. Nəticədə onun etirazına baxılıb və iş Suraxanı rayon prokurorluğundan alınaraq Bakı Şəhər Prokurorluğuna verilib.

A.Kərimov bildirib ki, həbs edilərkən hələ 15 yaşında olan O.Atlina 4 ay 10 gün qeyri-qanuni olaraq təcridxanada saxlanılıb.

Qanunvericiliyə görə, yetkinlik yaşına çatmayanlar yalnız istisna hallarda - kifayət qədər əsaslar və səbəblər olduğu halda həbs edilə bilər.

Vəkilin sözlərinə görə, müdafiə etdiyi yeniyetmə isə günahsızdır və onun bu cinayətdə iştirakı ilə bağlı yetərli faktlar yoxdur. Vəkil bildirib ki, qıza bəraət verilməli və onun barəsində aparılan istintaqa xitam verilməlidir.

Xəbər lenti

Xəbər lenti