...

PROKUROR "QARABULAQ" İSTİRAHƏT MƏRKƏZİNİN DİREKTOR MÜAVİNİNƏ 10 İLLİK HƏBS CƏZASI TƏLƏB EDİB

Siyasət Materials 3 Oktyabr 2005 13:19 (UTC +04:00)

Oktyabrın 3-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Şakir Ələsgərovun sədrliyi ilə "Qarabulaq" İstirahət Mərkəzinin direktor müavini işləmiş, qanunsuz sursat və narkotik maddə saxlamaqda təqsirləndirilən Cəbrayıl Axundovun məhkəməsi davam edib. Trend məlumat verir ki, prosesdə dövlət ittihamçısı Munis Abuzərli çıxış edərək məhkəmədən Cəbrayıl Axundova 10 illik həbs cəzası tələb edib.

Prokuror çıxışında bildirib ki, bu ilin mart ayında MTN əməkdaşları tərəfindən Hacı Məmmədovun dəstəsinin üzvü kimi həbs edilmiş Cəbrayıl Axundovun yaşadığı mənzildə axtarış aparılarkən tratil şaşkası və narkotik maddə aşkar edilib. Məhkəmə istintaqı zamanı Cəbrayıl Axundov mənzildən tapılmış həmin sursat və heroinin ona məxsus olmadığını iddia etsə də, fakt şahid ifadələri ilə təsdiqlənib. Prokuror həmin ifadələri əsas götürərək Cəbrayıl Axundova 10 illik həbs cəzası tələb edib.

Lakin müttəhimin vəkili Səməd Həsənov prokurorun tələb etdiyi cəzayla razılaşmayıb. Vəkil çıxışında məhkəmənin nəzərinə çatdırıb ki, Cəbrayıl Axundov məhkəmə istintaqı zamanı dəfələrlə həmin əşyaların onun yaşadığı mənzilə axtarış aparmağa gələn MTN işçiləri tərəfindən gətirildiyini söyləyib. Sonradan isə onların guya mənzildən tapılmaları barədə protokol tərtib olunub. Vəkil çıxışının sonunda Cəbrayıl Axundovun həbsinin qərəzli və qanunsuz olduğunu vurğulayaraq məhkəmədən onun barəsində bəraət hökmü çıxarmasını xahiş edib.

Qeyd edək ki, adıçəkilən istirahət mərkəzinin diretkoru Xosrov Cavadov da Abşeron rayon Məhkəməsi tərəfindən eyni ittihamlarla mühakimə olunaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti