...

Mədət Quliyev: "İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən xüsusi qriflə axtarışda olan Azərbaycan vətəndaşı yoxdur"

Siyasət Materials 15 Noyabr 2005 13:45 (UTC +04:00)

Bunu İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mədət Quliyev Trend lə müsahibəsində deyib

- Mədət müəllim, əsasən hansı cinayətləri törətmiş şəxslər barəsində İnterpol xətti ilə axtarış elan edilir və sorğuların digər dövlətlərdəki Milli Mərkəzi Bürolara sorğular hansı şəkildə həyata keçirilir?

- İnterpolun Baş Katibliyinin Əsasnaməsinə uyğun olaraq siyasi, hərbi, dini və irqi cinayətləri törətmiş şəxslərdən başqa demək olar ki, bütün cinayətkarlar İnterpol xətti ilə axtarışa verilə bilər. Axtarışlar ümumilikdə 9 - qırmızı, qara, sarı, mavi narıncı və s. rəng istiqamətləndiricilər üzrə həyata keçirilir. Qara istiqamətləndirici üzrə naməlum meyitlərin, sarı istiqamətləndirici üzrə itkin düşmüşlərin axtarışı, narıncı istiqamətləndirici üzrə terroristlərin, qırmızı istiqamətləndirici üzrə cinayət törətmiş şəxslərin saxlanılması və təşəbbüskar dövlətə ekstradisiya olunması həyata keçirilir.
Yerli hüquq mühafizə orqanları hər hansı cinayətkarın axtarışı ilə bağlı bizə sorğu verərkən həmin cinayətkar haqqında, həmçinin bu cinayətkarın hansı ölkədə gizlənməsi ehtimalı barədə tam dolğun məlumata malik olmalıdır. İnterpolun 184 ölkədə milli mərkəzi bürosu var, ancaq biz cinayətkarla bağlı həmin ölkələrə birbaşa müraciət etmirik. Əsasnaməyə uyğun olaraq məlumatlar ilk növbədə Fransanın Lion şəhərində yerləşən Baş Katibliyiyinə göndərilir. Axtarış üzrə rəng də təşəbbüskar dövlət tərəfindən təklif olunur. Baş Katibliyin Ekspertiza İdarəsi tərəfindən yoxlanılaraq axtarış üzrə rəng təsdiqlənir. Bundan sonra axtarışla bağlı sorğu 184 ölkə arasında yayımlanır.

- Azərbaycanın Milli Mərkəzi Bürosu əsasən hansı ölkə ilə sıx əməkdaşlıq edir?

- Bayaq qeyd etdiyim kimi, İnterpolun Baş Katiblyinin 184 ölkədə milli mərkəzi bürosu var. Bu da o deməkdir ki, üzv dövlətlərinin sayına görə dünya üzrə İnterpol BMT-dən sonra ikinci yerdədir. Əvvəllər Azərbaycanın xarici ölkələrldə əlaqələri geniş deyildi və ölkə daxilində cinayət törədib qaçmış şəxs ən uzağı Rusiyada axtarılırdı. Lakin artıq Azərbaycanın hər sahədə olduğu kimi xarici ölkələrlə əlaqələri sahəsində də irəliləyişlər var. Bu gün cinayət törətmiş şəxslər Azərbaycanın hüdudlarından çox uzaqlarda gizlənə bilirlər. Odur ki, Milli Mərkəzi Büronun başqa ölkələrlə əlaqələri getdikdə daha da intensivləşir. Ən sıx əlaqə isə Türkiyə Respublikasıyladır. Çünki Azərbaycandan həmin ölkəyə axın daha çox müşahidə olunur. Sıx əlaqə saxladığımız ölkə təxminən 35 faiz Türkiyə ilədir. Əlaqələrin 65 faizini isə digər ölkələr təşkil edir.

- Hazırda İnterpol xətti ilə axtarılanların sayı nə qədərdir və bu şəxslər əsasən hansı cinayətləri törədiblər?

- Əvvəlcə qeyd edim ki, mən 2004-cü ildə Milli Mərkəzi Büroya rəhbər təyin edilərkən qırmızı istiqamətləndirici üzrə axtarışda olanların sayı vur-tut 20 nəfər idi. Lakin hörmətli nazirimiz, general-polkovnik Ramil Usubovun Milli Mərkəzi Büronun fəaliyyəti ilə bağlı etdiyi tövsiyyələr müvafiq yerlərdə düzgün icra olundu, yerli hüquq-mühafizə orqanlarının bizimlə əlaqələri intensivləşdi. Bu da öz müsbət nəticəsini göstərdi. Hazırda Milli Mərkəzi Büro tərəfindən 120 nəfər axtarılır. Ötən il saxlanılan cinayətkarların sayı 9 nəfər idisə, cari ilin 10 ayı ərzində bu rəqəm iki dəfə artıb.

- İnterpol xətti ilə xüsusi qriflə axtarışda olan Azərbaycan vətəndaşı varmı?

- Xeyr. Bu gün İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən xüsusi qriflə axtarılan Azərbaycan vətəndaşı yoxdur. O cümlədən, ətrafında süni hay-küy yaradılan Rəsul Quliyev də adi cinayətkar kimi axtarılır.

- Rəsul Quliyevdən söz düşmüşkən, bu şəxsin Azərbaycana təhvil verilməsi hansı səbəbdən problemə çevrilib?

- Rəsul Quliyevin vəkilləri gözəl bilirlər ki, o, İnterpol xətti ilə axtarışdadır. Belə olan halda həmin vəkillər İnterpolun Əsasnaməsi ilə maraqlanırlar və məlumatlanırlar ki, əgər bu şəxsin axtarışına siyasi rəng versələr, artıq İnterpol onu tutmaqdan çəkinə bilər. Başqa ölkədən sığınacaq almaqla və sair yollarla bu şəxsin axtarışına siyasi rənglər verməyə nail olurlar. Bu gün də Amerika Departamenti Rəsul Quliyevə yaşayış üçün sığınacaq verib. Ancaq bununla belə, bu o demək deyil ki, İnterpol Rəsul Quliyevi tutmur. Oktyabrın 17-də o, Simferopolun hava limanında İnterpolun Ukraynadakı milli mərkəzi bürosunun əməkdaşları tərəfindən saxlanıldı. O ki qaldı tutulan şəxsin ekstradisiya məsələsinə, bu, Baş Katibliyin Əsasnaməsinə uyğun olaraq artıq İnterpolun səlahiyyətləri xaricindədir və cərəyan edən sonrakı proseslərdə İnterpol yalnız müşahidəçi sırasına keçir. Məsələnin gerisi ilə məhkəmə məşğul olur. Qanunla Ukrayna Rəsul Quliyevi ölkəmizə təhvil verməli idi. Həmin məsələ ilə bağlı əvvəlcə başqa məhkəmə tərkibi təyin edilmişdi. Ancaq məhkəmə iclasına az müddət qalmış məhkəmə tərkibi heç bir səbəb göstərilmədən dəyişdi. Məhkəmənin gedişatında da kobud qanun pozuntularına yol verildi. Azərbaycanın hüquq-mühafizə oranları tərəfindən məhkəməyə təqdim olunan bütün sənədlər tam dolğun idi, ancaq hakim təcrümə sənədrəlində müstəntiqin imzasının olmamasını bəhanə gətirdi, və ədalətsiz, beynəlxalq hüquq normalarına zidd bir qərar çıxartdı. Nəticədə isə Rəsul Quliyevə Ukraynadan qaçmağa şərait yaradıldı. Bundan əlavə, Rəsul Quliyev hay-küy saldı ki, guya Azərbaycanın hava yolları konserni onu gətirən təyyarənin enməsinə imkan verməyib, bu, nağıldan başqa bir şey deyil. Rəsul Quliyev istəsəydi, adi reyslə də təyyarəyə əyləşib gələ bilərdi. Bu yaxınlarda "BBC"nin internet saytında həmin vaxt Rəsul Quliyevlə Azərbaycana gəlmək istəyən bir polkovnikin müsahibəsinə rast gəldim. O qeyd edirdi ki, bizim Azərbaycana getməyimizə heç kəs mane olmurdu, ancaq son məqamda Rəsul Quliyev kiminləsə telefon vasitəsiylə əlaqə saxladı və həmin danışıqdan sonra fikrini dəyişdi, təyyarə Simferopolda yenə enəndən sonra bildirdi ki, geri qayıdırıq. Bilirsiniz, erməni diasporası, Azərbaycana qarşı aqressiv mövqe bəsləyən senatorlar Azərbaycana xəyanət etmiş Rəsul Quliyev kimi cinayətkarları ürəyinin üstündə, öz maraq dairəsində saxlayır. Bu səbəbdən də onun Azərbaycana təhvil verilməsi məqamı çatanda hər cür qanunsuzluqlara əl atırlar. Həmçinin Azərbaycanda ağır cinayətlər törətmiş Mahir Cavadovun tutulub Azərbaycana gətirilməsində də eyni problemlər mövcuddur. Ancaq mən inanıram ki, Rəsul Quliyev də, Mahir Cavadov da, digərləri də tutulub Azərbaycana gətiriləcəklər və törətdikləri cinayətlərinə görə Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Bilirsiniz ki, mərhum akademik Ziya Bünyadovun qatilləri Tariyel Ramazanov, Cavanşir Aslanov, Elçin Dədəyev, Azərbaycanın Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışdadır. Lakin hələlik onların gizləndiri yerlər müəyyən edilmədiyi üçün həbs olunması və Azərbaycanın hüquq-muhafizə orqanlarına təhvil verilməsi baş tutmur.

- "Monitor" jurnalının baş redatoru Elmar Hüseynovun qatilləri Teymuraz Əli yevlə Tahir Xubanovun axtarışı ilə bağlı nə deyə bilərsinniz?

- Bu şəxslər barədə cari ilin iyun ayında MTN-dən Milli Mərkəzi Büroya sorğu daxil olub. Biz onların axtarışını dərhal 60 ölkədə təşkil etdik və toplanmış sənədləri Əsasnaməyə uyğun olaraq Baş Katibliyə göndərdik. Orada təxminən 20 gün ərzində ekspertiza keçirildi və bundan sonra 184 ölkəyə bu cinayətkralar barədə axtarış sorğusu yayımlandı. Lakin hələlik müsbət nəticə əldə olunmayıb. Onların şəkilləri də İnterpol xətti ilə yayımlanıb. O ki qaldı həmin şəkillərin kütləvi informasiya vasitələrinə verilməməsinə, bunun üçün hər hansı jurnalist bizə yox, istintaqı aparan orqana müraciət edə bilər.

- İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna daxil olmuş sorğularla bağlı hansı addımlar atılır?

- Sonuncu dəfə Türkiyə Respublikasının vətəndaşı, PKK ilə əlaqədə təqsirli bilinən jurnalist Elif Pelitlə bağlı sorğunu həyata keçirmişik. O, Azərbaycanın sərhədini qanunsuz keçərkən saxlanılmışdı. Məhkəmə də bu hərəkətinə görə onun cərimələnməsi barədə qərar çıxartmışdı və məhkəmə zalından azadlığa buraxımışdı. Lakin İnterpolun Milli Mərkəzi Bürosuna daxil olmuş sorğu əsasında biz Elif Peliti təkrar saxladıq. Bu yaxınlarda isə məhkəmə onun Türukyə Respublikasına verilməsi ilə bağlı qərar çıxarıb.

- Milli Mərkəzi Büro tərəfindən axtarışda olan cinayətkarlar arasında neçə qadın var və əsasən hansı cinayətləri törədiblər?

- Axtarışda olanların təqribən 10 faizini qadınlar təşkil edir. Əsasən dələduzluq əməllərinə görə təqsirli bilinirlər. Bu qadınların cinayət törətdikləri dövr əsasən 1988-93-cü illəri əhatə edir. Bilirsiniz ki,bu da ölkə daxilində hərc-mərcliyin baş alıb getdiyi bir dövr idi.

- Ən çox hansı əşyalarla bağlı axtarışlar həyata keçirilir?

- Əvvəla onu deyim ki, cinayətkarlar üçun gəlir gətirən əşyalar silah-sursatr, narkotik vasitələr, insan alveri və əntiq əşyalardır. Əsasən də əntiq əşyalarla bağlı axtarış zamanı problemlərimiz olur. Məsələn, tutaq ki, hansısa muzeydən əntiq əşya oğurlanıb. Ancaq həmin əşyanın axtarışını elan etmək üçün heç müzeyin özündə dolğun məlumat yoxdur. Əşyanın şəkli, çəkisi, hansı materialdan düzəldilməsi, hansı tarixə məxsus olması barədə məlumatları nəzərdə tuturam. Ancaq buna baxmayaraq yerli mühafizə orqanları tərəfindən bizə daxil olmuş müraciətlər əsasında İnterpol kanallarından istifadə edərək bəzi hallarda həmin əşyaların tapılaraq Azərbaycana qaytarılmasını təmin edirik.

- Milli Mərkəzi Büronun əməkdaşları hansı ölkələrdə təcrübələr keçirlər?

- Bizim əməkdaşların beynəlxalq standartlara uyğun biliklərə yiyələnməsi daxili işlər naziri Ramil Usubov tərəfindən daim diqqət mərkəzində saxlanılır. Milli Mərkəzi Büronun əməkdaşları savadlı, bacarıqlı, savadlı, əcnəbi dillərə yiyələnmiş şəxslər olmalıdır. Əməkdaşlarımız təcrübə toplamaq, teoretik dərslər keçmək üçün il ərzində 3-4 dəfə intensiv şəkildə ayrı-ayrı ölkələrə, əsasən isə Fransaya ezam olunurlar.

Xəbər lenti

Xəbər lenti