...

Müsavatçı deputatlar parlamentin işində iştirak etmələrini legitim və düzgün hesab edir

Siyasət Materials 6 Fevral 2006 15:32 (UTC +04:00)

Müsavat Partiyasından olan millət vəkilləri fevralın 6-da mətbuat konfransı keçirib. Trend in məlumatına görə, mətbuat konfransında Nəsib Nəsibli, İkram İsrafilov, İltizam Əkbərli və "Azadlıq" blokundan deputat seçilmiş Pənah Hüseyn iştirak ediblər.

Nəsib Nəsibli bildirib ki, o, müxalifətin paralmentin işində iştirak etməsinin əvvəldən də tərəfdarı olub, müxalifətin ümumrespublika forumunda "Azadlıq" blokundan seçilmiş deputatların barəsində çıxarılan bəyanata özü və İltizam Əkbərli imza atmayıb. N.Nəsibli qeyd edib ki, "Azadlıq" blokunun məqsədi seçkidə iştirak edib qalib gəlmək idi və Müsavatın üzvləri də seçkidə qalib gəlib. N.Nəsibli vurğulayıb ki, buna görə onları ittihamlamaq yox, təşəkkür etmək lazımdır: "Parlamentdə iştirak etmək legitim, leqal yoldur, bəzi müxalifət liderlərinin dediyi yolun isə heç adı da yoxdur".

İkram İsrafilov, İltizam Əkbərli də çıxışlarında bildiriblər ki, Müsavat Partiyası parlamentdə və təkrar seçkidə iştirak etmək barədə düzgün və vaxtında qərar çıxarıb. Pənah Hüseyn isə deyib ki, "Azadlıq" blokunun vahid qərarını gözləyir, amma blokdakı partiyalar konsensusa gələ bilməsələr, o, parlamentin işində iştirak edəcək. Pənah Hüseynin sözlərinə görə, uzun illərin təcrübəsi göstərib ki, parlamentdə təmsil olunmaq həmin müxalifət qüvvələrinin mövqelərini möhkəmləndirib, nüfuzunu artırıb: "Bu baxımdan mən Müsavat partiyasının qərarı ilə həmrəyliyimi bildirirəm. Hesab edirəm ki, bununla bağlı "Azadlıq" bloku daxilində yaranmış gərginlik müvəqqətidir, yaxın vaxtlarda aradan qalxacaq və bu partiyalar yenə birləşəcək, sonrakı seçkilərdə vahid namizədlərlə iştirak edəcəklər. Çünki başqa yol yoxdur"-deyə Pənah Hüseyn vurğulayıb.

Xəbər lenti

Xəbər lenti