...

Sərdar Cəlaloğlu: "Müsavat Partiyası "Azadlıq" blokundan qovulmağını gözləməyərək qabaqlayıcı qərarı verib"

Siyasət Materials 10 Fevral 2006 14:31 (UTC +04:00)

Müsavat Partiyasının "Azadlıq" blokunu tərk etməsi haqqında bəyanatı blokdakı digər partiyalar tərəfindən "qabaqlayıcı addım" kimi qiymətləndirilib. Blokun həmtəsisçisi, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu Trend ə açıqlamasında bildirib ki, Müsavat Partiyası özünün "Azadlıq" blokundan qovulmağını gözləməyərək qabaqcadan bu qərarı verib: "Çünki biz artıq bəyan etmişdik ki, Müsavatla bir blokda təmsil olunmayacağıq. Onsuz da bu partiya ilə heç kəs əməkdaşlıq etməyəcəkdi"-deyə S.Cəlaloğlu vurğulayıb.

Qeyd edək ki, Müsavat Partiyası bloku tərk etmək qərarını AXCP və ADP-nin onun ünvanına təhqir kampaniyası aparması ilə əlaqələndirib. Sərdar Cəlaloğlu bu arqumentlə razılaşmadığını və əsassız olduğunu deyib: "Müsavat paralmentə getməklə özü "Azadlıq" blokunun milyonlarla elektoratını təhir edib. Bizim isə ona münasibətimizdə heç bir təhqir halları yoxdur. Sadəcə olaraq Müsavat Partiyası səhv addım atdı və biz buna siyasi qiymət verdik. Bizim fikirlərimizdən də ağır ittihamları Müsavat Partiyasının öz təmsilçiləri irəli sürüb. Nəriman Yaqublu bildirib ki, "Müsavat artıq məhv olub, belə bir partiya yoxdur", digərləri də öz etirazlarını bildiriblər. Biz Müsvatın ünvanına "satqın", "xəyanətkar" sözləri işlətməmişik, amma onların qəzetində partiyanın əleyhinə danışan müsavatçıları belə adlandırırlar"-deyə S.Cəlaloğlu əlavə edib.

ADP funksioneri qeyd edib ki, Müsavat Partiyasının parlamentdə və təkrar seçkidə iştirak etmək qərarı həm bu partiyanın özünə, həm də müxalifətin ümumi maraqlarına zərbədir. O, bu səbəbdən hətta Müsavatın özündə parçalanma getdiyini deyib: "Biz Müsavatdan narazı qalan insanları, bizə inanan, etimad göstərən elektoratı xilas etmək üçün bu partiyanı kənarda qoymağa məcburuq"-deyə Sərdar Cəlaloğlu vurğulayıb.

Keçmiş müttəfiqinin bu fikirlərinə münasibət bildirən İsa Qəmbər isə Trend ə açıqlamasında deyib ki, qərarının səbəblərini bəyanatında izah edib. O, bəyanatı ilə bağlı qarşı tərəfin səsləndirdiyi fikirlərə münasibət bildirməyəcəyini vurğulayıb: "Qoy nə deyirlər desinlər, sağ olsunlar"-deyə İsa Qəmbər bildirib.

Xəbər lenti

Xəbər lenti