Bu il yazın gəlişi son 4 ildəkindən fərqli olaraq, Kür çayında daşqınlarla müşayiət olunmayıb. Belə ki, mütəxəssislər martın sonu-aprelin əvvəlindən Kürün aşağı axınında yerləşən Salyan və Neftçalada yenidən əhaliyə problemlər törədəcəyini proqnozlaşdırsalar da, hətta buna görə hökumət səviyyəsində hazırlıq işləri görülsə də, çayın səviyyəsi ötən illə müqayisədə 1 metr 20 sm aşağıdır.
Hazırda Kürdən bir saniyədə 620 m3 su keçir. Amma ötən ilin müvafiq dövründə bu rəqəm 850 m3 çatırdı. Ümmilikdə, Kürün 36%-ni qar suları, 20%-ni yağış suları, 30%-ni yeraltı sular, 14%-ni buzlaq suları təşkil edir. Odur ki, havaların getdikcə iştiləşməsi nəticəsində, dağlardakı qarın və buzlaqların əriməyə başlaması Kürdə yeni qısamüddətli daşqınlara səbəb ola bilər. Belə ki, son iki gündə çayın səviyyəsinin yenidən qalxmağa başlaması da bundan xəbər verir. Suyun rəngi boz-qəhvəyiyə boyanması isə səviyyəni Araz çayının qaldırmasını göstərir. Lakin Salyanda səviyyənin həyətlərə qrunt suları çıxan həddə qalxması üçun daha 1 metr artmalı olduğunu nəzərə alsaq, bu il əhali üçün ciddi probğlemlər gözlənilmir.
Yeni yaradılmış Fövqaladə hallar Nazirliyi isə problemin birdəfəlik həllini yaxın vaxtlarda reallaşdırmağa çalışır. Belə ki, çayın fəsadlar törətməsinin səbəbi son 20 ildə Kürdə lildən təmizləmə işlərinin aparılmamasıdır. Nəticədə çayın yatağı xeyli daralıb. Bunun üçün də Kürdə tezliklə lildən təmizləmə işləri aparılmalıdır. Bu məqsədlə nazirlik artıq Rusi1a tərəyfi ilə danışıqlar aparır ki, müvafiq təynatlı 3 gəmi alınsın.
Xatırladaq ki, ötən illərin Kür daşqınları nəticəsində təkcə Salyan rayonuna 5 milyon yeni Azərbaycan manataına yaxın ziyan dəyib, mindən yuxarı ev qəza vəziyyətinə düşüb, 120 ev uçub, təbii fəlakətdən ziyan çəkən əhaliyə 450 min yeni Azərbaycan manatı kompensasiya, bəndatmaya 320 min yeni Azərbaycan manatı xərclənib.