Aprelin 27-də Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatının baş direktorları konfransının 21-ci iclası öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, Azərbaycanın nəqliyyat nazirinin 1-ci müavini Musa Pənahov bəyan edib ki, bu gün Azərbaycan kifayət qədər çoxşaxəli daxili dəmiryol şəbəkəsinə malikdir. Bundan başqa, dəmir yollarının əməkdaşlığının təşkili çərçivəsində həyata keçirilən beynəlxalq dəmiryol əlaqəsi də böyük əhəmiyyət kəsb edir. 2005-ci ildə Azərbaycanda dəmiryol nəqliyyatı ilə daşımaların həcmi 26,8% təşkil edib. Həmin ilin I rübündə bu nəqliyyatla daşımaların həcmi əvvəlki illə müqayisədə 34% artıb. Bu nəqliyyat növü ilə daşımaların həcmi 1996-cı ildə 8,7 mln. tondan 2005-ci ildə 26,5 mln tonadək artıb. İndiyədək infrastrukturun inkişafı və digər layihələr üçün nəqliyyat sektoruna təxminən $500 mln sərmayə qoyulub. Yaxın 5 il ərzində nəqliyyat sektoruna 1,5 mlrd-dək sərmayə qoyulacaq. Bu gün Azərbaycanda TRACECA, Şimal-Cənub kimi nəqliyyat dəhlizləri inkişaf etdirilir. Qars-Axalkalaki-Tiflis-Ba
kı dəmiryol qovşağının açılışı üzrə layihə gerçəkləşdirilir. Bu dəmir yolu Azərbaycan, Türkiyə və Gürcüstan arasında dəmiryol əlaqəsi yaratmağa imkan verəcək.
Konfransın 21-ci iclasında 27 ölkə iştirak edir. Bu görüş çərçivəsində 2005-ci ildə yük, sərnişin daşımaları və infrastruktur üzrə komissiyanın, kodlaşdırma və informatika, maliyyə və qarşılıqlı hesablaşma üzrə işçi qrupunun işinin yekunları və 2005-ci ildə DYƏT-in işinə dair hesabat, komitənin 2007-ci il üçün büdcəsi və iş planı nəzərdən keçiriləcək.