İndiyə qədər Xəzərin neft-qaz layihələri çərçivəsində təxminən 50 milyard dollar vəsait qoyulub. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün Bakıda "Xəzər hövzəsində neft-qaz əməliyyatlarının sabit inkişafı" konfransında Rusiyanın LUKoyl şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
Onun sözlərinə görə, artıq Xəzərdə neft hasilatı iki dəfə, qaz hasilatı isə 30% artıb. O deyib: "Xəzər boru kəməri konsorsiumunun genişləndirilməsi və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin tikintisinin tamamlanması Xəzərin enerji resurslarını əldə etmək imkanı yaradır". Hazırda LUKoyl Xəzərdə 10 perspektiv strukturunu öyrənir və artıq altı yataq tapılıb ki, bu da ehtiyatlar üzrə təxminən 150 milyon ton neft və 700 milyard kubmetr qaz təşkil edir.
O qeyd edib ki, hazırda şirkət Xəzərin şimal hissəsini tədqiq edir. O, buz örtüyü sərhəddində kiçik dərinliklərdə iş təcrübəsinə malikdir. Şirkətin prezidenti bildirib: "Buna oxşar layihə Baltik dənizində həyata keçirilir". Xəzərin mərkəzi hissəsinin işlənməsi böyük dərinliklər səbəbindən bir qədər sonra həyata keçiriləcək. Şirkət tərəfindən hasil edilən qaz emal üçün Rusiyanın daxili bazarına tədarük ediləcək. Neft dünya bazarlarına ixrac ediləcək.
O bildirib: "Şikət şəxsi neftin nəql edilmə məsələləri üzrə "Transneft", Xəzər boru kəmər konsorsiumu, Azərbaycan və İranla danışıqlar aparır".