İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçiriləcək 33-cü iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovu onun birinci müavini Andrey Denisov əvəz edəcək. Bu barədə Trend ə Rusiya XİN-nin rəsmi nümayəndəsi Andrey Krevtsov eksklüziv olaraq bildirib.
Onun sözlərinə görə, ilkin olaraq bu forumda Sergey Lavrovun iştirakı planlaşdırılırdı, lakin sonra onun əvəz edilməsi haqqında qərar verildi. Bakı forumunda onu xüsusi tapşırıqlar üzrə səfir Venyamin Popov müşayiət edəcək.
A.Krevtsovun dediklərinə görə, Rusiya İKT ölkələrilə əməkdaşlığı və qarşıdakı Bakı forumunu yüksək qiymətləndirir. O xatırladıb ki, bu yaxınlarda Rusiya XİN rəhbərinin İKT baş katibi E.İhsanoğlu ilə görüşündə qeyd olunub ki, Rusiyanın təşkilatın işində müşahidəçi qismində iştirakı beynəlxalq əlaqələrin daha təhlükəsiz və daha demokratik formalaşmasına, eləcə də dünya ictimaiyyətinin qarşılaşdığı problemlərin beynəlxalq hüquq əsasında həllinə köməklik edəcək. Rusiya prezidenti Vladimir Putin isə E.İhsanoğlunu iyunun 8-də qəbul edərkən bəyan edib ki, islam dünyası ilə əlaqələrin inkişaf etdirilməsi Rusiya xarici siyasətinin əsas istiqamətlərindən biridir.