...

Zakir Həşimov: "Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə üç ölkəni birləşdirən layihə deyil"

Siyasət Materials 16 İyun 2006 14:19 (UTC +04:00)

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov Trend Agentliyinə müsahibə verib

- Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılıq mərasminə hazırlıq işləri nə yerdədir?

- Bildiyiniz kimi, kəmərin açılış mərasimi iyulun 13-də Türkiyənin Ceyhan şəhərində keçiriləcək. Azərbaycan və Türkiyə prezidentləri artıq bu tarixi elan ediblər. Mərasimdə dörd ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstanın prezidentləri iştirak edəcəklər. Digər dəvətliləri Türkiyənin "Botaş" şirkəti və bu ölkənin Energetika Nazirliyi həll edir. Bir neçə dövlətin rəhbərləri mərasimə dəvət olunub, lakin hansının iştirak edib-etməyəcəyi barədə hələlik heç kəs dəqiq məlumatlı deyil. Yaxın günlərdə bu barədə məlumat alacağıq. Açılış mərasimi bir günlük tədbir olacaq.

- Açılış mərasimində prezidentlərin ayrıca ikitərəfli və çoxtərəfli görüşləri olacaqmı?

- Bəli, ola bilər. Çünki bu mərasimdə bir neçə ölkənin prezidenti bir yerdə olacaq. Adətən iki və ya daha çox ölkə prezidentləri bir yerdə olduqda ayrılıqda görüşlər keçirir, müəyyən məsələlərlə bağlı müzakirələr aparırlar. Ona görə də mərasimdə gözlənilir ki, Azərbaycan prezidenti İlham Əliyev digər dövlət başçıları ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirsin. Ancaq nəzərə alaq ki, bu, bir prezidentin digər bir dövlətə rəsmi səfəri deyil, sadəcə kəmərin açılış mərasimidir. Ona görə də görüşlərdə hansısa razılışmalar, protokllar imzalanması gözlənilmir. Amma açılış mərasiminə digər ölkələrdən böyük nümayəndə heyətləri gələcək. Mənim məlumatıma görə, Bakı-Tbilisi-Ceyhan kəmərində iştirak edən başqa ölkələrin rəsmi nümayəndələri də mərasimə qatılacaqlar.

- BTC-nin Cənubi Qafqaz regionu üçün əhəmiyyəti məlumdur, bəs dünya miqyasında bu kəmərin hansı rolu ola bilər?

- Bu kəmər sadəcə üç ölkəni birləşdirən bir layihə deyil. BTC ümumiyyətlə, Cənubi Qafqazda və dünya miqyasında ən böyük layihədir. Onunla ABŞ, İngiltərə və digər aparıcı Avropa dövlətləri də maraqlanır. BTC üç ölkənin ən böyük işbirliyidir. Həm də dünyaya təqdim olunan ən irimiqyaslı və çox böyük önəm daşıyan bir layihədir. Bu kəmərin Azərbaycanın ümumilli lideri Heydər Əliyevin adını daşımasının isə bizim üçün bir başqa önəmi var.
Vaxtilə bu layihənin reallaşmasına çox ölkələr şübhə ilə yanaşır, həyata keçəcəyinə inanmırdılar. Amma əyani şəkildə hamı gördü ki, mayın 28-də - Azərbaycanın müstəqillik günündə gecə saat 12-yə 10 dəqiqə qalmış bizim neftimiz Ceyhana gəlib çatdı. Bir neçə gün əvvəl ilk tanker artıq yola düşüb. Deməli, BTC sözdə, kağız üzərində deyil, əməldə reallığa çevrilən bir işdir. İlk tanker İtaliyaya çatıb və neft emalı zavodundan keçməlidir. Mənim bildiyimə görə, heç bir problem yaranmayıb və bütün işlər qaydasındadır. Ən əsası kəmərin təhlükəsizliyi təmin olunur. Azərbaycanda da, Türkiyədə də təhlükəsizlik məsələləri ilə bağlı iclaslar keçirilib. Mən düşünürəm ki, BTC ilə neftin axıdılmasının təhlükəsizliyi qorunacaq və bundan sonra heç bir problemlər yaranmayacaq.

- Bakı-Tbilisi-Ceyhan kəməri Cənubi Qafqazda sülhün, əmin-amanlığın təminatı kimi də qiymətləndirilir...

- Mən də razıyam ki, bu neft kəməri regionda sabitliyi təmin edəcək. Bilirsiniz ki, bölgədə böyük layihə təkcə BTC deyil. Həm də bu ilin sonunda Cənubi Qafqaz qaz xətti (Şahdəniz yatağından Ərzuruma çəkilən xətt) işə düşəcək. Gələn ilin əvvəllərinə hesablanmış Bakı ilə Qars arasında dəmir yolu xətti layihəmiz də var. Bu da köhnə İpək Yolunun bərpasıdır. Hazırda bu üç böyük layihə regionda ən böyük və ən mühüm beynəlmiləl işbirliyidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan özünü bu mühüm layihələrdən kənarda qoyub. Sülhü, əmin-amanlığı istəməyən, işğaldan çəkinmək fikrində olmayan insanlar gələcəkdə bu layihələrin karı, gəliri göründükdən sonra nə qədər səhv addım atdıqlarını başa düşəcəklər. Dərk edəcəklər ki, onlar da bu layihələrdə iştirak edərək faydalanmalıydılar. O ki qaldı kəmərin sülhün təminatçısı olmasına, bu, belədir. Amma mənim fikrimcə, bu kəmər Ermənistanı Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə məhkum və məcbur edir. BTC həm də Ermənistana bir iqtisadi təzyiq vasitəsidir. Onlar bütün bu işlərdən kənarda qalıblar. Ola bilər ki, Ermənistanın rəhbərliyində olan insanlar bunu etiraf etmirlər, amma erməni əhalisi görür ki, Azərbaycanda yaşayış səviyyəsi necədir, özlərində necədir. Artıq sirr deyil ki, Ermənistandan əhali qaçır, başqa ölkələrə üz tutur. Hazırda bu ölkədə heç iki milyon əhali yoxdur.

- Ermənitsanı tərk edən əhali Türkiyəyə də gəlirmi?

- Türkiyədə şəxsi, özəl şirkətlər var ki, onlar turist səfərləri təşkil edirlər. Amma Ermənistandan Türkiyəyə daimi yaşamağa gələnlər, mənim bildiyimə görə, yoxdur. Yəni rəsmi olaraq aldığımız məlumata görə, yoxdur. Ermənistanı tərk edənlər əsasən Rusiyaya, Fransaya gedirlər. Mən həm də onu qeyd etmək istəyirəm ki, Ermənistandan əhalinin getməsi ölkədə işçi qüvvəsinin azalması deməkdir. Yəni, artıq bu ölkə batır.

- Türkiyə-Ermənistan münasibətlərinin yaxın perspektivini necə görürsünüz? Türkiyə sərhədlərini sonadək qapalı saxlayacaqmı?

- Bəli, Türkiyənin mövqeyində bir dəyişiklik olacağını gözləmirəm. Ermənistanın Türkiyəyə qarşı öz iddiaları var. Birincisi, Ermənistanın iddiasına görə, Türkiyə gərək qonadarma "erməni soyqırımı"nı qəbul etsin. Bundan sonra Türkiyə gərək sərhədləri açsın və diplomatik əlaqələr yaratsın. Bunu isə Türkiyə tərəfi heç vaxt qəbul etməyəcək. Türkiyə hökuməti tərəfindən bütün yüksək səviyyələrdə dəfələrlə bəyan olunub ki, ermənilər qondarma soyqırım iddialarından əl çəkməli, Qarabağ məsələsi həll olunmalıdır. Yalnız bundan sonra sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması məsələsi müzakirə oluna bilər. Bunun özü bir təminatdır ki, Qarabağ problemi həll olunmayanadək əlaqələr yaradıla bilməz. Ermənistan həm də Türkiyənin Qars və Ərzurum vilayətlərinin yarısına iddialıdır. Ermənistan qonşu dövlətlə normal əlaqələr qurmaq istəyirsə, bu qondarma iddialarından vaz keçməlidir.

- Türkiyədəki Azərbaycan diasporu ilə yaxın əlaqələriniz varmı? Ümumiyyətlə, diaspor fəaliyyətində özünüz hansısa şəkildə iştirak edirsinizmi?

- Bəli, mən həmişə demişəm ki, Türkiyədəki Azərbaycan səfirliyinin qapıları bütün azərbaycanlıların və Azərbaycanı sevən hər bir kəsin üzünə açıqdır. Türkiyədə çoxlu sayda azərbaycanlı yaşayır. Alimlər, mədəniyyət, incəsənət xadimləri, iş adamlarımız var. Səfirlik onların hamısını özünə cəlb edir. Hər həftə diaspor nümayəndələrimiz səfirliyə gəlir, bizimlə söhbət edirlər.
Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün Türkiyədə də işlər görülür. Məsələn, hazırda paytaxt Ankara şəhərində Heydər Əliyev ormanının yerində indi onun adını daşıyan böyük park salınır. Həmin parkın yaxınlığında 1370 kvadratmetr ərazisi olan məktəbə də Heydər Əliyevin adı verilib. Bu məktəb Türkiyədə fəaliyyət göstərən Heydər Əliyev Vəqfinin himayəsindədir və çox böyük, gözəl bir təhsil ocağıdır. Türkiyə-Azərbacyan hökumətlərarası anlaşmasında da qeyd olunub ki, Türkiyə Cümhuriyyəti var olduğu müddətdə həmin məktəb onun adını daşıyacaq. Yəni Heydər Əliyev adı məktəbin üzərində əbədidir və heç vaxt dəyişməyəcək. Parkda həmçinin Heydər Əliyevin heykəli də qoyulacaq. Bu ilin sonunadək parkın salınması işləri başa çatacaq. Bundan sonra rəsmi açılış mərasimi olacaq. Mərasimə Azərbaycandan, Türkiyədən qonaqlar dəvət ediləcək.
Diaspor təşkilatlarının toplantılarında da mümkün olduğu qədər iştirak edirəm. Antalyada türk-Azərbaycan diasporlarının birgə tədbiri keçirildi, həmçinin Türkiyədəki Azərbaycan Dərnəkləri Federasiyasının toplantısı oldu. Qərara alındı ki, Ankarada özlərinin böyük bir tədbirini keçirsinlər, Federasiyanın rəhbərini seçsinlər. Biz bu tədbirlərə dəstəyimizi veririk.
Həmçinin diaspor nümayəndələrimizin asudə vaxtlarını maraqlı keçirməsi üçün Azərbaycan səfirliyinin daxilində filmoteka yaratmağı planlaşdırırıq. Bu layihəyə görə, səfirliyin binasında film zalı, istirahət guşəsi yaradılacaq. Bununla istəyirik ki, həmvətənlərimiz istədikləri vaxt gəlib burada Azərbaycan filmlərinə baxsınlar, musiqilərini dinləsinlər. Həmçinin Azərbaycan dilində ölkəmizə adi kitablar da qoyulacaq, mütaliə üçün imkanlar yaradılacaq. Film zalında 100-150 nəfərlik yer olacaq. Hazırda filmlər toplanır, Azərbaycan televiziyalarından və başqa şirkətlərdən bizə bu işdə köməklik göstərilir. Bayramlarda, rəsmi günlərdə, həmçinin adi vaxtlarda diaspor nümayəndələrimiz bura toplaşa bilərlər. Bu il Norvuz bayramında səfirlik gözəl bir yeri kirayə götürdü, bütün tələbələrimizi ora topladıq. Mən onların bayramlarını təbrik etdim. Gənclərin tam sərbəst şəkildə şənlənməsinə, bayramı istədikləri kimi qeyd etmələrinə şərait yaratdıq. Mən ümumiyyətlə, tələbələrə xüsusi qayğı göstərilməsinin tərəfdarıyam. Çünki mən özüm də neçə il Azərbaycandan kənarda oxumuşam, Leninqradda təhsil almışam və gənc yaşlarda qəribçiliyin nə demək olduğunu bilirəm. Ümumiyyətlə, diasporumuza, xüsusilə də tələbələrə bu cür qayğımız daimi olacaq.

Xəbər lenti

Xəbər lenti