...

Yuri Merzlyakov: Danışıqlar masasında çərçivə sazişi yoxdur

Siyasət Materials 11 İyul 2006 17:16 (UTC +04:00)
Yuri Merzlyakov: Danışıqlar masasında çərçivə sazişi yoxdur

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə danışıqlar masasında hələ heç bir çərçivə sazişi yoxdur. Bu barədə Trend ə eksklüziv olaraq ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov xəbər verib.

Onun sözlərinə görə, vasitəçilər tərəflərə problemin həlli prinsiplərini saziş əsasında hazırlamazdan əvvəl bu prinsipləri razılaşdırmağı təklif edib. Y.Merzlyakovun qeyd etdiyi kimi, həmsədrlər həmçinin danışıqlar prosesində "mərhələlər üzrə", "paket", "hər şeyi əhatə edən" və s. tipli terminologiyalardan istifadə ediblər.

Rusiyalı diplomat qeyd edib ki, növbəti danışıqlar prosesinin vaxtı Metyu Brayzanın ATƏT-in Minsk qrupunun amerikalı həmsədri qismində bölgəyə ilk səfərindən sonra müəyyən olunacaq.

"Amerikalı həmsədr təqdim olunmaq üçün bölgəyə səfər edəcək və bu səfər zamanı hər şeyi müəyyən edəcəyik. Hazırda mən vəziyyəti xarakterizə etməyə hazır deyiləm. Tərəflərin qiymətləndirmələrini eşitdikdən sonra hər şey aydın olacaq", - deyə o əlavə edib. Onun sözlərinə görə, M.Brayzanın Dağlıq Qarabağ münaqişəsi bölgəsinə səfəri əvvəldən iyulun sonu- avqustun əvvəlinə planlaşdırılıb.

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin və ya prezidentlərinin növbəti görüşünə hazırlıq görülüb-görülməməsinə dair suala cavab verərkən, Y.Merzlyakov qeyd edib: "Həmsədrlərin son bəyanatında qeyd olunub ki, indi hər şey tərəflərin əlindədir. Görüşmək istəyirlərsə, buyursunlar. Biz həmişə onların yanındayıq, biz hər zaman kömək etməyə hazırıq. Lakin yaxın aylarda heç bir görüş nəzərdə tutulmayıb".

Xəbər lenti

Xəbər lenti