...

Gənclər və İdman Nazirliyi Lənkəran-Astara zonası üzrə seminarlar təşkil edəcək

Siyasət Materials 3 Avqust 2006 17:29 (UTC +04:00)

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 10-12 avqustda "Avropa Gənclər Proqramları: imkanlar və perspektivlər" mövzusunda Lənkəran-Astara zonası üzrə seminarlar təşkil edəcək. Trend xəbər verir ki, seminarların keçirilməsində məqsəd regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının liderlərinə və fəal gənclərə Avropa Gənclər Proqramları barədə ətraflı məlumatı təqdim etməkdir.

Seminarlarda proqrama uyğun olaraq, dövlət gənclər siyasətinin əsas anlayışları, Avropa Şurasının hökumətlərarası gənclər strukturları, Avropa gənclər proqramlarında iştirak imkanları, Avropa İttifaqının "Youth in Action" proqramı haqqında təqdimat, Avropa gənclər strukturları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və gənclər təşkilatlarının layihələrinin həyata keçirilməsinə kömək göstərmək məqsədilə yerli gənclər şəbəkəsinin yaradılması imkanları, Avropada və dünyada fəaliyyət gösətərən gənclər strukturları və Azərbaycan gənclərinin həmin strukturlarda təmsil olunma imkanları barədə iştirakçılara ətraflı məlumat təqdim ediləcəkdir.

Onu da bildirək ki, ilk belə tədbir 27-29 iyul 2006-cı il tarixdə Gəncəbasar zonası üzrə Mingəçevir şəhərində keçirilib. Əlavə edək ki, adıçəkilən nazirlik avqustun 12- beynəlxalq gənclər günü münasibətilə mədəni-kütləvi tədbirlər planlaşdırıb, sentyabrın 1-i isə İctimai Şuranın iclasları keçiriləcək. Hər üç tədbirin təşkilatçısı isə nazirliyin gənclərlə iş üzrə şöbəsidir.

Xəbər lenti

Xəbər lenti