Sağlam həyatın əsası olan təhlükəsiz və faydalı məhsullardan qidalanmanı əsas prisipinə çevirən "Straus" Kəndli Fermer Təsərrüfatı Azərbaycanda dəvəquşunun saxlanması, atrımı və ətindən müxtəlif növ yeməklərin hazırlanması ilə məşğul olan ilk məhdud məsuliyyətli cəmiyyətdir. Trend in məlumatına görə, avqustun 31-də "Sahil" restoranında "Straus" Kəndli Fermer Təsərrüfatı dəvəquşu ətindən hazırlanmış məhsulların təqdimat mərasimini keçirib.
Qeyd edək ki, 2 ildir fəaliyyət göstərən bu təsərrüfat Cənubi Afrika Respublikasından ilk dəfə ölkəmizə 180 ədəd dəvəquşu gətirərək onların artırılmasına, kənd təsərrüfatı quşları kimi inkişaf etdirilməsinə başlayıb. Ətinin, dərsinin və tükünün keyfiyyətinə görə birinci yeri Afrika dəvəquşusu tutur. Bu quşların çəkisi 120-140 kq-a çatır, boyları 2,2-2,6 metrə qədər olur. 60-70 il yaşayan dəvəquşular 40 il yumurta vermək qabiliyyətində olur. Yumurtalarının isə çəkisi 1-2 kiloqram olur. "Straus" firması 2 illik fəaliyyəti dövründə artıq yüzlərlə cücə əldə edib.
"Əli Straus" kəndli fermer təsərrüfatının təsisçisi Əli Bayramov bildirib ki, bu, Cənubi Qafqazda dəvəquşu saxlanılması və ətindən müxtəlif məhsulların hazırlanması ilə məşğul olan ilk təsərrüfatdır. O qeyd edib ki, bu təsərrüfatda sanitar qaydadalara ciddi şəkildə riayət olunur, müxtəlif infeksion xəstəliklərə qarşı dərman preparatlarından istifadə edilir, lazımi tədbirlər görülür. Buranın fermerləri quşlar üçün mümkün təhlükəni nəzərə alaraq dəvəquşuların xəstəliklərə tutulmamasına çalışırlar. Əli Bayramov onu da əlavə edib ki, digər növ təsərrüfatlara nisbətən dəvəquşu təsərrüfatı daha çox risklidir. O, dəvəquşuların saxlanma texnologiyasından danışarkən qeyd edib ki, onları qapalı şəraitdə saxlamaq mümkün deyil: "Çünki onlar mütəmadi olaraq açıq havada gəzməli, qaçmalıdırlar. Onlar azadlıqsevər quşlardır. Ona görə də geniş ərazilərdə saxlanılırlar, saatlarla qaçırlar, daim hərəkətdə olurlar. Ümumiyyətlə, müxtəlif iqlimlərə də çox asan adaptasiya olunurlar. İqlimindən asılı olmayaraq dünyanın hər yerində dəvəquşu var, bu, onu göstərir ki, onlar hər növ hava şəraitində yaşaya bilirlər".
Təsisçi bildirib ki, "Straus" firması hazırda diri dəvəquşuların satışı ilə də məşğuldur. Onun sözlərinə görə, insanlar maraq üçün dəvəquşuları alır, həyətlərində saxlayırlar. Həmçinin bununla öz təsərrüfatlarını yaratmaq istəyənlər də olur. Ə.Bayramov qeyd edib ki, hazırda bu sahə üzrə mütəxəssislər azdır. Lakin İqtisadi İnkişaf Nazirliyi "Straus" kəndli fermer təsərrüfatına aşağı faizlərlə kreditlər ayırıb və bu da firmaya iqtisadi baxımdan yardım göstərir.
Təsisçi onu da deyib ki, dəvəquşu yetişdirilməsi və satışı maliyyə tutumlu layihədir. Onun sözlərinə görə, "Straus"un yaxın gələcəkdə Sumqayıtda da fermer təsərrüfatının açılması planlaşdırılır: "Artıq Sumqayıtda geniş bir ərazini icarəyə götürmüşük. Quşların əksəriyyətini həmin fermaya köçürəcəyik. Orada quşların sayını ən azı 5 minə çatdırmaq niyyətindəyik. Hazırda firmanın təsərrüfatında quşların sayı mindən çoxdur. Ümumiyyətlə, təsərrüfatımız inkişafa doğru gedir".
Ə.Bayramov bildirib ki, yüksək kateqoriyaya aid olan dəvəquşu əti alıcılara 15 dollar həcmində satılır. Ötən il isə bu rəqəm 18 dollar idi. Yarım cəmdək həcmində ətin alış qiyməti 35 min yeni manatdır: "Bizim siyasətimiz budur ki, həcm artıqca qiymət aşağı düşsün. Artıq marketlər, restoranlar bununla maraqlanırlar. Dəvəquşu ətindən istənilən qədər milli və dünya mətbəxinə aid yeməklər hazırmalaq olar".
Qeyd edək ki, dəvəquşu ətinin tərkibində xolesterin, yağ və natrium (duz) demək olar ki, yoxdur. Ona görə də bu ət kökəlmə vermir, təzyiqi yüksəltmir, ürək xəstəliklərinə səbəb olmur və bütün parametrlərinə görə pəhriz məhsulu sayılır. Dəvəquşunun dərisi də dünyada ən bahalı dərilərdən sayılır. Bu dəridən kişi və qadın ayaqqabıları, çantalar, kəmərlər, portmanatlar və başqa əşyalar hazırlanır, keyfiyyətli olduğuna görə bu məmulatlar uzun müddət istifadə edilir. Dəvəquşunun yumartası da çox faydalıdır, onların qabığından müxtəlif cür eksklüziv məmulatlar, bəzək əşyaları hazırlanır.