Müxalifətyönlü Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) üzvü olduğu Beynəlxadq Demokrat İttfaqı (BDİ) çərçivəsində sentyabrın sonu oktyabrın əvvəllərində Bakıda beynəlxalq tədbir planlaşdırıb. Bu barədə Trend ə AMİP-in baş katibi Fuad Muxtarov bildirib.
Qeyd edək ki, BDİ-yə 57 dövlətin 80-dən çox partiyası üzvdür. Baş katibliyin ofisi Norveçdə yerləşir. Norveçin Əmək Partiyasının beynəlxalq əlaqələr üzrə katibi Erik Moen BDİ-nin baş katibidir. BDİ-nin sədri isə Avstraliyanın baş naziri Con Hovarddır. AMİP lideri Etibar Məmmədov isə 2005-ci il iyulun 17-18-də Vaşinqtonda keçirilən sammitdə BDİ sədrinin müavini seçilib. AMİP isə 1992-ci ilin iyununda yaradılıb. Etibar Məmmədov partiyanın 2005-ci il fevralda keçirilən qurultayında sədrlikdən istefa verib. Həmin qurultayda o, partiyanın lideri elan olunub. Partiyanın 2006-cı il iyunun 25-də keçirilən növbəti qurultayında isə E.Məmmədov yenidən partiyanın lideri elan olunub. Ayaz Rüstəmov isə partiyanın sədri seçilib.
F.Muxtarov bildirib ki, Bakıda beynəlxalq tədbirin keçirilməsi çoxdan planda olub: "Planlaşdırmışıq ki, İsveçin Moderat Partiyası ilə birlikdə bu tədbiri reallaşdıraq. Sentyabrın 17-də İsveç parlamentinə növbəti seçkilər keçiriləcəyindən bir qədər gözləməli olacağıq". AMİP rəsmisi əlavə edib ki, planlaşdırılan tədbirdə Avropada islama qarşı olan münasibət, keçmiş sovet məkanında, xüsusilə Azərbaycanda, Avropa və Skandinaviya ölkələrində artan immiqrantlar və digər məsələlərin müzakirə olunacağı gözlənilir.
F.Muxtarov vurğulayıb ki, Bakıda planlaşdırılan tədbirə BDİ-yə üzv olan ölkələrin nümayəndələrini dəvət etmək qeyri-mümkündür: "Bizimlə ən çox əməkdaşlığa can atan ölkələr sırasında Böyük Britaniya, İsveç, Norveç, Almaniya, Avstraliya və digərlərinin adlarını çəkə bilərəm. Böyük Britaniyanın Konservatorlar, İsveçin Moderat, Avstraliyanın Əmək partiyaları ilə əməkdaşlıq edirik".